Rusiya özü-özünü təkləyir: “Cənubi Qafqaz artıq geri qayıtmayacaqbackend

Rusiya özü-özünü təkləyir: “Cənubi Qafqaz artıq geri qayıtmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Postimperial sindromdan qurtula bilməyən Rusiya, hələ də keçmiş gücünü qorumağa çalışan və qonşularına dominant mövqedən yanaşan bir aktor olaraq qalır. Kreml öz geosiyasi iddialarını daha çox təzyiq, qorxu və müdaxilə üzərindən reallaşdırmağa çalışsa da, bu siyasət artıq nəticə vermir. Xüsusilə də, Ukrayna müharibəsi Rusiyanın gerçək niyyətlərini bütün regiona göstərmiş oldu. Cənubi Qafqaz ölkələri, xüsusilə son illərdə, Rusiya ilə münasibətlərdə daha məsafəli, müstəqil və Qərbə inteqrasiya yönümlü siyasət yürütməyə başlayıblar. Bu, təkcə geosiyasi meyl deyil, həm də təhlükəsizlik, iqtisadi və mədəni seçimlərin nəticəsidir. Rusiya isə öz sərt ritorikası və dəyişməyən davranışları ilə regionda təsirini gündən-günə itirməkdədir.

Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Azər Qasımov bildirib ki, Rusiyanın şovinist və imperialist siyasətinin məntiqi nəticəsi olaraq ətrafındakı bütün ölkələrin, o cümlədən Cənubi Qafqaz dövlətlərinin Moskvanın orbitindən uzaqlaşmaq meyilləri həm təbii, həm də qaçılmazdır:

“Postsovet dövründə Rusiya nə demokratikləşmə yolunda irəlilədi, nə də qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurdu. Əksinə, hamıya təhlükə olmaq yolunu seçdi.

Ukrayna müharibəsi isə bu siyasətin kulminasiya nöqtəsi oldu. Artıq hər kəs dəqiq anlayır ki, Rusiya dəyişmək istəmir və dəyişməyəcək. Bu da ondan uzaqlaşma prosesini daha da sürətləndirir. Rusiya üçün Cənubi Qafqazda pozitiv və etibarlı tərəfdaş imici formalaşdırmaq imkanı artıq yoxdur. Çünki bu fürsəti özü əldən verib. Burada nə Azərbaycan, nə Gürcüstan, nə də Ermənistanın günahı var.

Kremlin yenə təhdid və təzyiqlərlə danışmağa cəhd etməsi təəccüblü deyil – bu, onun illərdir dəyişməyən üslubudur. Və artıq bu üsullara da başlayıb. Lakin Cənubi Qafqaz ölkələri birlik nümayiş etdirə bilsə, Rusiya bu qarşıdurmada tamamilə aciz qalacaq”.

A. Qasımovun bildirib ki, Rusiya bu gün özünü təkləmək yolunda irəliləyir:

“Bu isə nə regional nüfuzuna, nə də beynəlxalq imicinə müsbət təsir göstərəcək. Əgər Kreml daha praqmatik və əməkdaşlığa əsaslanan siyasət yürütməyə çalışmasa, qarşıdakı illər onun üçün çox çətin keçəcək.

Cənubi Qafqaz ölkələri artıq öz yollarını seçiblər. Bu yoldan geri dönmək niyyətində deyillər. Rusiya isə bu seçimi anlayışla qarşılayarsa, bəzi itirilmiş mövqeləri bəlkə də qismən bərpa edə bilər. Çünki bu ölkələrin məqsədi Rusiya ilə düşmənçilik etmək deyil – sadəcə, öz gələcəklərini özləri müəyyənləşdirməkdir”.

//Gülnarə Abasova, Editor.az