Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə Polşanı ölkənin Sankt-Peterburqdakı Baş Konsulluğunun yanvarın 10-dan etibarən bağlanması barədə xəbərdar edib.
Baş Konsulluqda işləyən üç polşalı diplomat persona non-qrata elan edilib və Rusiyanı tərk etməlidir.
Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, Polşa Baş Konsulluğunun bağlanması Rusiyanın Poznandakı Baş Konsulluğunun oktyabrın 22-də bağlanmasına və bu diplomatik nümayəndəliyin 10 əməkdaşının ölkədən çıxarılmasına cavabdır.
“Son illərdə Polşa hakimiyyəti Rusiyaya qarşı açıq düşmənçilik siyasəti həyata keçirib, uzun onilliklər ərzində qurulmuş Rusiya-Polşa münasibətlərinin arxitekturasını, demək olar ki, tamamilə sıradan çıxarıb və ölkəmizə “strateji məğlubiyyət” verilməsinin zəruriliyini açıq şəkildə bəyan edib”, – deyə Rusiya XİN rəhbəri bildirib.
Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bu gün, dekabrın 5-də bildirib ki, Polşa “müəyyən şəraitdə” ölkədə qalan Rusiyanın baş konsulluqlarını da bağlaya bilər. Nazir izah edib ki, Rusiyanın Poznandakı diplomatik missiyasının bağlanması Rusiyaya qarşı Polşada təxribatda iştirakda ittiham olunması ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az

