Heydər Əliyevin əzmkarlığı və peşəkarlığı sayəsində Rusiya bu gün Uzaq Şərqə yüklərin daşınması üçün etibarlı quru marşrutuna malikdir.
Editor.az bildirir ki, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levitin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin kuluarında deyib: “Bugünkü tədbir Rusiya və Azərbaycanın nəqliyyat nazirlikləri və dəmir yolu administrasiyaları tərəfindən hazırlanıb.
Heydər Əliyevin yüzilliyi ərəfəsində biz onun fəaliyyət istiqamətlərindən birinin – Baykal-Amurun tikintisindən bir fraqment göstərmək istədik. Onun başqa sahələri də var idi, amma bu gün biz məhz bu mövzunu seçdik”, – İqor Levitin bildirib. Onun sözlərinə görə, “Heydər Əliyev bu yolun lazım olduğunu Siyasi Büroya və hökumətə sübut edənlərdən biri idi. Hamı bununla razılaşmadı – amma o, onları inandıra bildi.
İndi, 50 ildən sonra görürük ki, onun məqsədyönlülüyü olmasaydı, BAM-ın tikintisini müdafiə etməkdə əzm və möhkəmlik göstərməsəydi, biz bu gün Uzaq Şərqə gedə bilməzdik”, – Rusiya prezidentinin köməkçisi vurğulayıb. İqor Levitin bildirib ki, o, özü də BAM-da çalışıb, Heydər Əliyevlə şəxsən görüşüb. “Heydər Əliyev BAM-ın tikintisinin kuratoru olduğu üçün tikinti sahəsinin həm qərb, həm də şərq hissəsində olub. Mən onunla şərq hissəsində görüşdüm. O vaxt mən onun gəldiyi dəmiryol vağzalının hərbi komendantı idim”, – Levitin deyib. “Mən onun BAM işçiləri ilə görüşlərini gördüm, danışdığını eşitdim. Heydər Əliyev tikinti sahəsinə gələnlərdən bir xüsusiyyəti ilə fərqlənirdi: neçə kilometr tikildiyini soruşmazdan əvvəl insanların yaşayış şəraiti ilə maraqlanırdı: necə yaşayırlar, necə dolanırlar, övladları məktəbə və bağçaya necə gedirlər? Bu, onun əsas sualları idi, sonra isə söhbət tonlara, kilometrlərə və kublara çevrilirdi. Bütün bunlar yadımdadır”, – deyə İqor Levitin yekunlaşdırıb.
//Samir Qurbanov,Editor.az

