“Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasında əsasən, Avropa İttifaqının siyasəti daha da səmərəli ola bilər. Bir il ərzində Rusiyanın vasitəçiliyi ilə üç bəyannamənin imzalanmasına baxmayaraq Moskva “sürünən proses” yaradıb idarə edir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə tərəflər arasında ilk dönüş nöqtəsi 14- dekabrda Brüsseldə Avropa İttifaqıının təşəbbüsü ilə baş tutan danışıqlarda sülhün və real nəticələrin əldə olunmasında əsas vasitəçi Avropa İttifaqı olacağı nəzərə çarpdı:
” Hazırda Avropa İttifaqı Minsk qrupu məsələsinə toxunmur, Qarabağ kəlməsini leksikona gətirmir. Bu da Avropa İttifaqının regionda Ermənistan və Azərbaycan arasında normallaşma prosesində maraqlı olduğunu göstərir. Bu siyasət regionda Rusiyanın təkbaşına vasitəçiliyinin qarşısını almaqla, Azərbaycanın da maraqlarına cavab verir. Rusiyanın Avropa İttifaqı ilə soyuq siyasi əlaqələrini nəzərə alsaq, regionda təktərəfli vasitəçiliyini qorumaq və Brüsselin aktivliyinin qarşısını almaq üçün Kreml provakasiyalara ata bilər. Rusiya Qarabağda silahlı erməni birləşmələrinin əli ilə bunu edə bilər”.
M.Əsədullazadə hesab edir ki, həm rəsmi Bakı, həm Yerevan Brüsselin vasitəçiliyinin real sülhə dayandığının fərqindədir:
“Avropa İttifaqı Kremldən fərqli olaraq “sürünən prosesdə” maraqlı deyil. Qeyd edim ki, Prezident İlham Əliyev Avropa İttifaqının da Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməsinə nail oldu. Bu, Azərbaycanın uğurudur. Minsk Qrupu və Qərbin son aylara qədər qabartdığı Qarabağ məsələsinin tarixi bir proses olduğunu qəbul etdirildi.Qeyd edim ki, Avropa İttifaqının vasitəçiliyi dinc şəraitdə maraqlarımıza uyğundur. Amma, müharibə şəraitində Avropa İttifaqının siyasəti əleyhimizə idi. Avropa İttifaqının Azərbaycanın maraqlarının təmin edilməsi və regionda sülh təhlükəsizliyin təmin olunmasında Brüsselin siyasətinin effektiv olacağına ümid edirik”.
//Gülnarə Abasova, Editor.az

