Laçın yolunda sülhməramlıların gediş-gəlişə mane olması fonunda separatçılar kontingentin müvəqqəti nəzarət zonasında fəallıqları ilə diqqət mərkəzindədirlər. Bu fəallıq bir həftə əvvəl – Azərbaycanlı QHT nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, sıravi vətəndaşların və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda aksiyaya başladığı müddətə kimi olan vəziyyətdən tamamilə fərqlənir.
Artıq qondarma rejim üzərindən Kremlin qurduğu böyük oyun fiasko astanasındadır. Bunun ən nümayişkəranə elementi iki gün əvvəl xunta rejiminin qalıqlarının Moskvadan təyin edilən yeni “dövlət naziri” Ruben Vardanyanın Xankəndidə böyük mitinq planını uğursuzluqla nəticələnməsini göstərə bilərik.
Bu məsələyə təsir edən amil xüsusilə Qarabağda mavi yanacaq məsələsinə görə Bakının ittiham edilməsinin ardından separatçılar tərəfindən səsləndirilən iddiaların “Qazprom”un açıqlamasının ardından əsassız olduğunun aşkar edilməsi məsələsi oldu ki, bununla da Qarabağın yerli əhalisi şahid oldu ki, separatçılar və onlara havadarlıq edən qüvvələr yerli erməniləri qurbanlıq qoyun kimi öz maraqları naminə xərcləmək niyyətindədirlər.
Bundan sonra Ruben Vardanyanın rus hərbi kontingentinin müvəqqəti nəzarət zonasını dolaşıb, məntəqələrdəki əhali ilə görüş keçirmək planı separatçıların artıq əhalidə onlara qarşı narazılıqların artmasını hiss etdikdən sonra verilən qərar oldu. Artıq erməni əsilli rus milyarder ötən gün əhalinin “könlünü almaq üçün” belə bir gösrüşdən birini keçirdi.
Ruben Vardanyan bunu Xocavənddə qurduğu tamaşa ilə başladı. Həmin yığıncaqdan da aydın görünür ki, Qarabağın erməni əhalisi aldadıldığını anlayır və onlara verilən vədlərin əksinə olaraq günü-gündən güzəranları daha da pisləşir. Kadrlardan da görünür ki, simasız Vardanyanın gülməyə çalışaraq simasında gülüş yaratmaqla insanları “hər şey yaxşı olacaq” mesidji vermək istəyi də işə yaramır.

O da aydın görünür ki, faktiki olaraq Qarabağdan Ermənistana gediş-gəlişləri sülhməramlıların və elə şəxsən Vardanyanın canfəşanlığı nəticəsində bloklanan ermənilər girov saxlanıldıqlarını anlayırlar. Bunu zaldakı ovqat da deməyə əsas verir.
Rusiya isə istənilən vasitələrlə Azərbaycana qarşı çox təhdidedici mesajlar verməkdən çəkinmək fikrində görünmür. Rusiya telekanallarının birində yenə Azərbaycana qarşı təhdid xarakterli fikirlərin sayının artması diqqətdən yayına bilməz. Güya ki, Ukrayna xalqına humanitar yardımlarımız, ukraynalıların soyuqda donmamaları üçün göndərdiyimiz generatorlar Kremli ciddi narahat edib. Bəs indiyə kimi Moskva Bakının Kiyevə açıq humanitar yardımına niyə belə reaksiya vermirdi və yaxud da öz maşalarını işə salmırdı?

Rusiyanın hərbi ekspertlərindən Mixail Aleksandrov adlı şəxs efirdə “Bakının neft buruqlarını, elektrik stansiyalarını partlatmaq lazımdır ki, Azərbaycan Ukraynaya kömək edə bilməsin, yolda qanuni haqlarını tələb etməsin” və s. kimi çıxışları ilə diqqət mərkəzinə düşüb. Bunu Ukraynaya hücum etməmişdən bir gün öncə Azərbaycanla müttəfiqlik bəyannaməsi imzalayan Rusiyanın bir hərbi eksperti deyir. Təbii ki, bu sözlər onun əqlinin, təfəkkürünün məhsulu deyil. Moskva bu günə kimi etdiyi siyasəti davam etdirir, rəsmi olaraq bəyan etmək istədiklərini öz klounları vasitəsi ilə növbəti dəfə Bakıya ünvanlamağa çalışdılar.
Amma təəssüf ki, Azərbaycana təzyiqləin miqyası durmadan artır. Laçın yolundakı aksiya Rusiyaya, Ermənistana qarşı yox, Azərbayana qarşı beynəlxalq təzyiqlərin artmasına səbəb olur. Roma Papası da Xankəndi yolunda aksiyaya münasibət bildirərək, Qarabağdakı erməni əhalisinin “humanitar fəlakətlə” üzləşdiyi iddiasına qoşulduğunu bəyan edib ki, bu da rəsmi Bakıya qarşı növbəti qərəzli, əsassız münasibətin nəticəsidir.
Son səkkiz gündə baş verənlər bir daha göstərdi ki, Azərbaycan öz haqqını qorumaq uğunda təkcə ermənilərlə yox, bütün dünya ilə mübarizə aparır. Ermənistandakı hayqırtıları bir kənara qoysaq, Rusiya ilə yanaş ABŞ və Avropa dövlətlərinin bir qismində Laçın yolunun açılmasıyla bağlı açıqlamaların sayı durmadan artır.
Səbəb bəlli …
Çox aydın görünür ki, erməni lobbisi Azərbaycana qarşı dezinformasiya müharibəsində yeni strateji gediş etmək fikrindədirlər. Ermənistanda yaşamağı özlərinə sığışdırmayan, Qarabağ ermənilərinə ömür boyu üstdən aşağı baxan lobbinistlər hər vəchlə dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, Azərbaycan Qarabağa hücuma hazırlaşır. Bəlkə də onların hadisələri qabaqlamaq kimi istedadı var. Bəli, Bakı danmır: Əgər Ermənistan tərəfi destruktivlik nümayiş etirib Bakının diqtə etdiyi məsələlərlə razılaşmaqdan boyun qaçırmaqda davam edəcəksə, başqa əlac qalmayacaq.

Amma indiki situasiyada Bakının tələbi çox sadədir: Qarabağdakı yataqlarda monitorinqin aparılmasına icazə verilməlidir. Əks halda Bakının tələbləri artacaq ki, Ermənistan tərəfi və havadarları bu tələblərin altından çıxa bilməyəcəklər. Bunun artıq ilkin işartıları 3 gün öncəki aksiyada iştirakçıların Azərbaycanın Xankəndi yolunda Gömrük postu, Sərhəd keçid məntəqəsi kimi dövlət qurumlarının, güc strukturlarının davamlı fəaliyyətə başlaması tələbindən də açıq göründü.
Deyəsən elə bu səbəbdəndir ki, “qara məni basınca, mən qaranı basım” deyimini əsas götürən separatçı rejim qalıqları bəzi planlarını reallaşdırmağın zamanı olduğu qənaətindədirlər. Deməli, Ermənistanla Qarabağı birləşdirən yolun bağlanmasını bəhanə edərək “Xankəndi hava limanı işə düşsün və humanitar yüklər hava nəqliyyatı vasitəsilə ilə daşınsın” tələbini səsləndirməyə başlayıblar.
Bu təklifin də əslində erməni beyninin məhsulu olduğu şübhə doğurur. Çünki bu prosesin ermənilərdən çox Rusiya sülhməramlı kontingentinin xüsusən kritik zamanlarda işini bir xeyli yüngülləşdirmək adına olduqca önəmli olduğunu düşünsək, bu sifarişli istəyində də Moskvadan qaynaqlandığını tam əminliklə iddia edə bilərik.

Amma bu heç vaxt mümkün olacaq məsələ deyil. O yerlərin bir ağası var – Azərbaycan. Rusiyanın sülhməramlı kontingentinin o ərazidə müvəqqəti “keşik çəkməsi” o demək deyil ki, burada qaldıqları müddətcə istədiklərini edə bilərlər. Bakının icazəsi olmadan belə bir irimiqyaslı addımın atılması həmin an Qarabağda eskalasiya riskinin artmasına səbəb olacaq. Çünki bunun bir adı var – özbaşınalıq. Rusiya bu ərazilərin ağası yox, müvəqqəti qonağıdır. Amma Moskva unutmamalıdır ki, rəsmi Bakı nə qədər qonaqpərvər olsa da, “sırtıq qonaq” məsələsində çox həssasdır.
Son proseslər, hadisələrin gedişi deməyə əsas verir ki, separatçıların Qarabağda qaldığı hər artıq gün onlara yerli ermənilər tərəfindən nifrət durmadan artır. Belə görünür ki, yerli ermənilər də artıq Bakının mesidjini alıb və Azərbaycanın səmimi olduğuna artıq inanmağa başlayırlar. Azərbaycan üçün insan amili ən ümdə məsələdir və erməni uşaqları ilə, mülki əhali ilə Azərbaycanın heç bir problemi yoxdur. Azərbaycanın düşməni ərazisini talayan quldur dəstəsidir ki, bu gedişlə onlara da artıq yol görünməyə başlayıb.
Azərbaycan bütün istəklərinə nail olacaq və hər kəslə dil tapacaq. Ermənistan zaman itirmədən başa düşməlidir ki, o təkdir və indi ona yenə “böyük vədlər” verən qüvvələr, dairələr, dövlətlər vaxt gələcək onu yenidən meydanda tək qoyacaq. O zaman isə vəziyyət 44 günlük müharibədən sonrakı kimi olmayacaq. Çünki artıq o zaman Ermənistan Azərbaycana qarşı indi istifadə etməyə çalışdığı rıçaqların hamısından məhrum edilmiş olacaq.
milli.az

