Rusiya Qarabağdan çəkilir – Bakı Araikə, Vardanyana da BİLET GÖNDƏRDİbackend

Rusiya Qarabağdan çəkilir – Bakı Araikə, Vardanyana da BİLET GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev bundan əvvəl də Ermənistan üçün sülh danışıqları ilə bağlı vaxtın daraldığını dəfələrlə bəyan etmişdi. Hətta ilin sonunda xalqa müraciəti zamanı da dövlət başçısı bu məsələyə xüsusi yer verərək İrəvanı danışıqlar masasından qalxmamağa çağırdı. 

Amma Azərbaycanın sülh təklifləri daim masada qalmaya da bilər. Dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı açıq şəkildə bildirdi ki, rəsmi Bakı İrəvana düşünmək, qərar vermək üçün kifayət qədər vaxt verdi. Bəli, bizim Ermənistanla danışlqar prosesi üçün bir masa arxasında əyləşməyimiz 44 günlük müharibədən də əvvələ – 27 ildən çox tarixə söykənir.

Artıq Azərbaycan tərəfi bu məsələdə yetəri qədər təcrübəlidir və çox yaxşı bilir ki, 2 il müddətinə bir dövlət öz mövqeyini müəyyənləşdirə bilmirsə və hər vəchlə danışıqlar prosesini sabotaj etməklə məşğuldursa, bundan sonra qarşı tərəfə daha çox şans vermək üçün heç bir əsas da qalmır.

Bəli, Azərbaycan müharibə istəmir, amma Ermənistana sülh danışıqlarını müxtəlif yollarla manipulyasiya edərək vaxt qazanmaq, prosesi saqqız kimi uzatmasına şans vermək fikrində də deyil. Kimsə, hansısa ermənipərəst dövlət və yaxud dövlət başçısı düşünürsə ki, Bakıya İrəvanla danışıqlar üçün müxtəlif formatlar təklif edə və onun üzərindən istədikləri oyunu oynaya biləcəklər, yanılırlar. Bu məsələyə İlham Əliyev də müsahibəsində toxundu:

“Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil – həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin”.

Bu bəyanat bölgədə növbəti müharibə ehtimalının aşağı olduğunu düşünməyə əsas verdiyi qədər, eyni zamanda hər an çox böyük hərbi əməliyyatların başlama zərurətinin də yüksək olduğundan xəbər verir. Ermənistan Azərbaycanı buna sadəcə vadar edir.

İlham Əliyev bu ifadələri dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və beyin mərkəzlərinin nəzərinə o konteksdə çatdırdı ki, Azərbaycan sülh istəyir. Ancaq Ermənistan havadarları, başının ağaları ilə birlikdə Azərbaycana qarşı yenə hansısa təxribat hazırlayarsa, yaxud sülhə mane olmaq üçün Qarabağın dağlıq hissəsində silahlı insidentlər yenidən aktiv fazaya keçərsə, Ermənistan artıq buna görə cavab verməli olacaq.

Prezident eyni zamanda burada bir maraqlı məsələyə də toxundu. O bildirdi ki, biz yalnız sərhədlərimiz daxilində deyil, eyni zamanda sərhədlərimizin hüdudlarından kənarda da ölkəmizin təhlükəsizliyini qoruyacağıq. Bu, olduqca önəmli bir mesaj idi ki, Ermənistan tərəfi anlasın ki, təkcə sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası ilə bağlı deyil, ümumilikdə Cənubi Qafqazın tarixi, kartoqrafik əsaslar və tarixi sənədlərlə bağlı ehtiyyatlı olmalı, Bakının səbr kasasını daşırmağa çalışmamalıdır.

Dövlət başçısının “2023-cü il Ermənistan üçün son şansdır” deməsi, 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılacağı ilə bağlı dedikləri, “Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər” ifadəsinə yer verməsi Ermənistanı indi vaxt itirmədən məhz həmin müddətdən sonrakı illəri düşünməsi mesajından başqa bir şey deyil. İstər Ermənistan müxalifəti, istərsə də iqtidarı Azərbaycan Prezidentinin bu mesajından başa düşməlidirlər ki, 100 il əvvəl Türk Dünyası üçün nə qədər əhəmiyyətli il olubsa, 2023-cü il də Azərbaycan üçün o qədər vacib, önəmli bir il olacaq.

Bu il Bakıya kifayət edəcək ki, Ermənistanın nə istədiyini, məqsədinin nə olduğunu artıq dəqiqləşdirsin, sülh müqaviləsini imzalamağa hazır olub-olmadığını özü üçün müəyyənləşdirsin və ona görə konkret addımlarını atsın. Çünki İlham Əliyevin də qeyd etdiyi kimi, əgər Ermənistan həqiqətən də sülh istəyirsə, bu vacib deyil ki, o bir neçə səhifədən ibarət olsun. Konkret şəkildə orada Azərbaycanın sülh üçün 5 prinsipinə toxunulmalıdır və beləcə, Qarabağla bağlı məsələ bir daha müzakirə predmetinə çevrilməməlidir.

Çünki Qarabağ Azərbaycanın daxili işidir

İstər Soçi, istərsə də Praqa danışıqları da təsdiq edir ki, hazırki şərtlərlə sülh müqaviləsini müzakirə etmək mümkündür və bu, de-fakto tərəflər arasında razılaşıdırlıb.

Lakin bu təklif əbədi olaraq, Ermənistanın kefi nə zaman istərsə kosntruktivlik göstərib sülh prosesinə töhfə verəcəyi zamana kimi yox, yalnız bir müddət masa üzərində olacaq. Prezident də açıq şəkildə bildirdi ki, Ermənistan siyasi rəhbərliyi danışqlar prosesini sabotaj etməklə məşğul olacaqsa, delimitasiya-demarkasiyanın həlli məsələsini dalana dirməyə çalışacaqsa, o zaman sərhəd Azərbaycanın lazım bildiyi yerdən keçəcək. Buna görə bu məsələ rəsmi Bakıdan çox İrəvanı narahat etməlidir.

İrəvan anlamalıdır ki, hər ötən gün onun ziyanınadır. O mənada ki, Azərbaycanın şərtləri günü-gündən daha da sərtləşir. Əgər artıq bir aydır Laçın-Xankəndi yolu azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti və QHT nümayəndələrinin keçirdiyi aksiya ilə demək olar ki, nəzarətə götürülübsə, rəsmi İrəvan sülh danışqlarından, delimitasiya və demarkasiya məsələsini həll etməkdən qaçmağa çalışacağı təqdirdə Azərbaycanın legitim ərazisi olan həmin yerlərdə daha hansı hadisələrin baş verəcəyini öncədən proqnozlaşdırmaq da mümkün olmayacaq: Daxili Qoşunların, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və digər güc strukturlarının həmin istiqamətdə aksiya içtirakçılarını tamamilə əvəzləyərək, Laçın yolunda ciddi nəzarət buraxılış məntəqəsinin quraşdırılması ehtimalı kimi…

Milli.Az