Polşa və Baltikyanı ölkələrin hərbçiləri Rusiyanın mümkün işğalına hərbi cavabı müzakirə ediblər.
Onlar istisna etmirlər ki, Ukrayna müharibəsindən sonra Rusiya öz “imperialist ekspansionizmini” Estoniya, Latviya, Litva və Polşaya yönəldə bilər.
BILD yazır ki, bu barədə Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kestutis Budris Baltikyanı ölkələrin müdafiəsi konfransında bildirib. O, xəbərdarlıq edib ki, Belarus tam şəkildə İttifaq dövləti adlanan dövlətin tərkibinə daxil olarsa, belə bir ssenarinin baş vermə ehtimalı artacaq. Polşa Baş Qərargah rəisi Raymund Andjeyçak da eyni fikirdədir. “Ukrayna bizə bir neçə il vaxt verir. Əgər Rusiya Ukraynada qalib gəlsə, Lvovda bir, Brestdə və Qrodnoda bir Rusiya divizionumuz olacaq”.
Polşanın yüksək səviyyəli hərbi zabiti qeyd edib ki, Rusiya qoşunları Litva ilə sərhədi keçərsə, “dərhal cavab” veriləcək: “Birinci gün yox, ilk dəqiqədə. Biz 300 kilometr radiusda bütün strateji hədəfləri vuracağıq. Biz birbaşa Sankt-Peterburqa hücum edəcəyik”.
Andjeyçak həmçinin qeyd edib ki, Polşaya və ya Baltikyanı ölkələrə hücum hərtərəfli qarşıdurmanın başlanğıcı olacaq. Belə bir ssenarinin baş verəcəyi təqdirdə, Polşa hazırda 900 kilometrə qədər mənzilli 800 raket alıb.
Litva ordusunun komandiri Raymundas Vaiksnoras əlavə edib ki, “Biz NATO-nun bəzi paytaxtlarında Beşinci Maddənin tətbiq edilib-edilməməsi ilə bağlı qərarı gözləmədən dərhal özümüz cavab zərbəsi endirməyi bacarmalıyıq”.
//Samir Qurbanov, Editor.az

