Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, onun ölkəsi və Ukrayna ilə həmsərhəd olan digər müttəfiqlər “Rusiya raketlərini NATO hava məkanına daxil olmamışdan əvvəl vurmağa borcludurlar”.
Editor.az bildirir ki, o, bu barədə sentyabrın 2-də “Financial Times”a müsahibəsində bildirib. Sikorski hesab edir ki, ən azı vətəndaşların təhlükəsizliyi üçün Ukrayna üzərində Rusiya raketlərinin vurulması barədə düşünmək lazımdır. Onun sözlərinə görə, mümkün eskalasiya qorxusuna baxmayaraq, bunu etmək lazımdır.
“Şəxsən mən inanıram ki, düşmən raketləri bizim hava məkanımıza doğru irəlilədikdə, bu, qanuni özünümüdafiə olacaq, çünki onlar bizim hava məkanımızı keçdikdən sonra dağıntılar nəticəsində kimlərinsə xəsarət alması riski olacaq”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri deyib . Diplomat əlavə edib ki, NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanını qorumaq məsuliyyətini inkar etmir. “Bu, bizim konstitusiya borcumuzdur” Sikorski vurğulayıb.
//Samir Qurbanov, Editor.az