Rusiya sərhəddə öz ordusunu yerləşdirməyi tərəflərə qəbul etdirəcək: Azərbaycan nə etməlidir?- ŞƏRHbackend

Rusiya sərhəddə öz ordusunu yerləşdirməyi tərəflərə qəbul etdirəcək: Azərbaycan nə etməlidir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin dünən Xarici İşlər Nazirliyinin Kollegiyasında çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən danışıb. Bildirib ki, regionda vəziyyət tam sabitləşməyib. Və bir il əvvəl Qarabağ münaqişəsinin Rusiyanın fəal vasitəçilik səyləri sayəsində dayandırılığını diqqətə çəkib. Əlavə edib ki, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının roluna ehtiyac var.

Rusiya Prezidentinin bəyanatını Editor.az-a şərh edən siyasi analitik Azər Qasımov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin verdiyi bəyanat mahiyyət etibarı ilə təbii qarşılanmalıdır:

“Rusiyanın sülhməramlı adı altında Azərbaycan-Ermənistan sərhədinə ordu yığması və bunun nəticəsi kimi sərhəd məsələsindəki gərginliyin aradan qaldırılması fikrinin məqbul qarşılanması Azərbaycan tərəfindən şübhə doğuran hal kimi qəbul edilir. Azərbaycan tərəfinin bu fikrə yanaşması reallıqları nəzərə alaraq olmalıdır. Reallıq isə odur ki, Azərbaycan təbii ki, rus ordusunu öz daxili sərhəddinə buraxmaz. Rus ordusu Ermənistanla razılaşmaya əsasən Ermənistan tərəfdən sərhəddə dura bilər ki, bu halda da bizim buna mane olmaq kimi bir hüququmuz yoxdur. Bu, Rusiya və Ermənistan arasında olan razılaşma əsasında həyata keçiriləcək. Ermənistan rəsmiləri də bəyanatlarında buna çalışırlar”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiyaya vasitəçi missiyası regionun gələcəyində söz sahibi olmaq üçün mühüm əhəmiyyət kəsb edir:

“Bu baxımdan da, olanlara göz yumması ehtimalı mümkün versiyadır. Rusiya Zəngəzur dəhlizi, kommunikasiyaların açılması ilə digər yerdə qalan sərhəd, Qarabağ məsələsində ayrı mövqe sərgiləyir. Dəhliz, kommunikasiyaların açılması məsələsinə imza atdığı bəyanatın həyata keçirilməsinə söz sahibi və prestij məsələsi kimi yanaşırsa, sərhəd və Qarabağ məsələsinə strateji məsələ kimi baxır, gələcəyə hesablanmış addımlar atır. Proseslərin gedişi bir daha onu göstərir ki, region hələ də siyasi oyunların hədəfindədir. Baş verən hərbi təxribatlar da bu siyasi oyunların nəticəsidir. Hesab edirəm ki, proseslər Zəngəzur dəhlizin açılması və sərhədlərin delimitasiyası və demarkasiyası ilə nəticələnə bilər. İlin sonuna kimi bu işlər yekunlaşacaq və imzalar atılacaq.
Böyük ehtimalla Rusiya sərhəddə öz ordusunu yerləşdirməyi tərəflərə qəbul etdirəcək, hansı ki Azərbaycan tərəfinin buna mane olmaq istəməsi yeni problemlər yarada bilər. Ona görə də elə siyasi xətt yürütmək lazımdır ki, hadisələr sakitləşməyə və stabilləşməyə doğru getsin. Zəngəzura dəhliz statusu almaq Azərbaycanın əsas böyük uğuru olar”.

//Gülnarə Abasova, Editor.az