“Şimali Koreya prezidentinin Rusiyaya səfəri çərçivəsində tərəflər arasında imzalanacaq sənədlərlə bağlı geniş məlumat olmasa da bəzi informasiyalara əsasən siyasi, iqtisadi, təhlükəsizlik və hərbi sahədə, eyni zamanda ticarət dövriyyəsinin artırılması ilə bağlı müqavilələrin imzalanması, fikir mübadiləsinin aparılması gözlənilir”.
Bunu Editor.az-a politoloq Samir Hümbətov Şimali Koreya lideri Kim Çen İnın bu ay Rusiyaya səfər edəcəyi və prezident Vladimir Putinlə görüşəcəyi haqqında yayılan məlumatlara və müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə ölkə iqtisadiyyatına və müdafiə sənayesinə mənfi təsir göstərib:
“Müdafiə sənayesinə dəyən təsirlərin aradan qaldırılması üçün Şimali Koreyadan raket sistemləri, artilleriya qurğuları, silah-sursat və hərbi texnikaların alınması istiqamətində danışıqların baş tutması da gözləniləndir. Daha əvvəl də rəsmi Moskvanın Şimali Koreyadan müxtəlif təyinatlı hərbi vəsaitlər aldığının şahidi olmuşuq. Lakin bu silahların nə qədər effektiv olub-olmadığı məlum deyil”.
Politoloqun fikrincə, Rusiya hazırda çox az sayda ölkədən silah ala bilir:
“Rəsmi Moskvanın silah aldığı ölkələr sırasında İran və Şimali Koreya dayanır. Silah alışı arta bilər. Lakin Şimali Koreyadan alınan hərbi texnikaların Ukraynada gedən müharibəyə ciddi təsir edəcəyini düşünmürəm. Çünki böyük miqdarda silah alışı gözlənilmir. Şimali Koreya külli miqdarda silah-sursat istehsal etmir”.
//Safura Bənnayeva, Editor.az