“Rusiya Prezidenti köməkçisi Vladimir Medinskinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan-Rusiya münasibətlərinin ruhu baxımından əsla qəbuledilən deyil”.
Bunu Editor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Medinski “Qarabağı” mübahisəli ərazi adlandırmaqla öz təmsil etdiyi dövləti və onun rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadə etdiyi sarsılmaz dəstəyi şübhə altına almış olur:
“Belə çıxır ki, Rusiyanın siyasi rəhbərliyinin Qarabağla bağlı yanaşmada mövqeyi başqadır, Rusiya prezidenti köməkçisi Medinskinin mövqeyi isə tam fərqlidir.
Digər tərəfdən Rusiyanın qanunsuz şəkildə tutduğu Ukrayna əraziləri ilə bağlı dünyanı şantaj etməsi və Ukraynanın qəsb edilmiş ərazilərini geri qaytarmaq məqsədilə addımlar atacağı təqdirdə dünyanı nüvə silahı ilə təhdid etməsi siyasi demaqoqiyanın növbəti göstəricilərindən biridir. Rusiya siyasi elitasında təmsil olunan bəzi məmurların, eyni zamanda, dövlət dumasındakı bir çox simanın yersiz şəkildə Azərbaycan əleyhinə boğazdan yuxarı ifadələr istifadə etməsi, ölkəmizlə bağlı həqiqətə uymayan açıqlamalar verməsi təəssüfedicidir. Bu gün dünyada sanksiyalarla üz-üzə qalan, apardığı siyasətə görə dünyanın ciddi siyasi qütbləri ilə münasibəti pozulmuş Rusiyanın atdığı addımlara görə Azərbaycan kimi səmimi, etibarlı tərəfdaşla da münasibətləri korlaması Azərbaycandan çox Rusiyanın özü üçün zərərlidir. Rusiya siyasi elitası tərəfindən verilən açıqlamalarla bağlı daha diqqətli mövqe nümayiş etdirməlidir”.
//Gülnarə Abasova, Editor.az