Rusiya sülh sazişinə qarşıdır? – “Sərhəddə təxribat gözlənilir”backend

Rusiya sülh sazişinə qarşıdır? – “Sərhəddə təxribat gözlənilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tərəfinin Ermənistana nə kimi bir sənəd göndərdiyini bilmirik və onu tam olaraq bizə açıqlamayıblar. Ola bilsin ki, orada elə şərtlər var Ermənistan onu qəbul etməsin”. 

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.

O, Ermənistana göndərilən sülh sazişinin sonuncu variantı ilə bağlı rəsmi İrəvanın verəcəyi cavab, habelə yekun sülh müqaviləsinin imzalanması  ehtimalından söz açıb.

Xatırladaq ki, bu gün keçirilən mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov vurğulayıblar ki, sazişin sonuncu variantı Ermənistana göndərilib və artıq İrəvandan cavab gözlənilir.

A.Qasımlı isə hesab edir ki, sülh sazişinin imzalanması milli maraqlarımıza uyğundur:

“Çünki sülh sazişi imzalanacaqsa, artıq Qarabağ və Azərbaycanın ərazi bütövlüyü məsələsi, o cümlədən Ermənistanla münasibətimiz hüquqi bir çərçivə halına gəlmiş olacaq ki, bu da iki dövlət arasında imzalanmış sənəddir və dünya ictimaiyyəti bunu qəbul etmək məcburiyyətində qalacaq. Bu isə müəyyən bir dövr üçün sülh deməkdir”.

Analitik əlavə edib ki, Ermənistan 30 il ərzində Rusiyanın bölgədəki forpostu və Rusiyadan asılı bir dövlət olub:

“Bu asılılıq hələ də iqtisadiyyat və bir çox başqa sahədə özünü göstərir və qalmaqdadır. Lakin sülh sazişini imzalamaqla Azərbaycan və Ermənistan tamamilə Qarabağ problemindən azad olmuş olacaq. Bundan sonra iqtisadiyyat, insanların sosial problemi, rifahı, təhsili, səhiyyəsi və bu kimi mövzularla daxildə problemsiz məşğul olmağa başlaya bilər. Bunun yanında isə Ermənistan öz xarici siyasət vektorunu dəyişə bilər, hansı ki, hazırda sürətlə dəyişməkdədir. Ermənistan artıq Rusiyanın asılılığından çıxıb Qərb institutlarına inteqrasiya yolunu tutub ki, İrəvanda bunu gizlətmirlər”.

Siyasətçi əmindir ki, Ermənistan nə qədər Rusiyadan daha çox ayrı düşsə və Rusiyanın Ermənistana təsiri daha az olsa, bu, həm də Qarabağ probleminin irəlidə bir daha başlamaması və Rusiyadan bölgədəki təsirlərin azalması üçün əsas vasitə ola bilər:

“Tam əksinə, Ermənistan sərhədlər və kommunikasiyalar açılandan sonra Türkiyədən asılı olacaq. Çünki iqtisadi olaraq Türkiyənin Ermənistanla münasibətlər potensialı daha yüksəkdir. Həmçinin coğrafi olaraq Rusiyanın Ermənistanla sərhəd olmasa da, Türkiyənin bu ölkə ilə uzun sərhədi var. Bunlar bizim maraqlarımıza tamamilə uyğundur. Bu, o deməkdir ki, Rusiya irəlidə Qarabağ problemi kimi bir problem yarada, eləcə də  xalqı iki toqquşdura bilməyəcək. Çünki tarixən bizə hər zaman cənub və şimaldan təhdidlər olub”.

“Bu baxımdan, münasibətlərin qurulması tarixi bir hadisədir. Amma, sözsüz ki, Rusiya hər şeyi edəcək ki, bu, olmasın. Ona görə də mən irəlidə təxribatları gözləyirəm. Yəni həm Ermənistanın daxilində, həm də sərhəddə təxribatların olma ehtimalı yüksəkdir. Düşünmürəm ki, Azərbaycan və Ermənistan tərəfinin dediyi kimi məsələ sadədir və 5-10 günə saziş imzalanacaq. Bu məsələlərdə skeptikəm”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.