Rusiya sülhməramlıları Qarabağda: pis, yoxsa yaxşı?backend

Rusiya sülhməramlıları Qarabağda: pis, yoxsa yaxşı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirilməsi bu ərazilərin Moskvanın tam nəzarətinə keçməsi anlamına gəlirmi? Qarabağ erməni işğalından qurtularaq Rusiyanın hərbi kontrolunamı keçir? Qarabağ münaqişəsinin siyasi və strateji perspektivləri nədir?

Çətin suallardır və cavablar da təbii ki, bəsit deyil.

Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı anlaşmaya əsasən İkinci Qarabağ Müharibəsi başa çatdı.

Müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

Ertəsi günsə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının toplantısında bəyan etdi ki, Qarabağdakı sülhməramlı missiyada Türkiyə Rusiya ilə birlikdə iştirak edəcək.

Lakin az sonra rəsmi Moskva bəyanatları sıraladı və belə təəssürat yarandı ki, sən demə, Türkiyə sülhməramlıları Qarabağda olmayacaqlar: onlar sadəcə, sülhməramlı missiyanın Operativ İdarəetmə Mərkəzində təmsil olunacaqlar.

Bir qədər də keçdi, sosial şəbəkələrdə Qarabağ savaşında Azərbaycanla Türkiyənin qələbəsi ilə bağlı şübhələr yaranmağa başladı. Hətta bəzi istifadəçilərin bədbinliyi o həddə çatdı ki, “Qarabağ əldən çıxdı” tipli marazmlar tirajlandı.

44 günlük savaş, Rusiya və Türkiyənin əldə etdikləri, habelə bölgədə sülh və stabilliyin perspektivləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyin tam zamanıdır.

Ermənistanın Silahlı Qüvvələrinin hərbi birləşmələrini və qarabağlı ermənilərin silahlı dəstələrini əzib keçən Azərbaycan Ordusu Xankəndinə çatmağa az qalmış dayandı.

Həmin müddətədək Qarabağın rayonlarının əksəriyyəti artıq hərblə azad edilmişdi.

İlk baxışdan paradoksal olay idi: Şuşa azad edilmişdi, əsgərlərimiz Xankəndinin həndəvərlərində idi, Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf etməyə hazırdı.

Belədirsə, nə baş verdi, nə üçün atəşkəs anlaşması imzalandı?

İlk əvvəl Rusiyanın strateji planlarına və maraqlarına nəzər salaq. Qarabağ savaşının ilkin, birinci mərhələsində Rusiya gerçəkdən də, Azərbaycana mane olmadı.

Nəyin bahasına olursa-olsun, Rusiyanın hərbi əməliyyatlara Ermənistan tərəfdə cəlb etməyə çalışan Nikol Paşinyanın bütün yalvarışlarına, müraciətlərinə, sonsuz telefon zənglərinə Rusiya prezidenti Vladimir Putinin cavabı bir idi: “MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya Ermənistana hərbi yardım göstərərək Qarabağdakı əməliyyatlara qarışa bilməz. Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir”.

Putinin məqsədi Qərbin ssenarisi əsasında hakimiyyətə gətirilmiş Nikol Paşinyana çox ağır, unudulmayacaq dərs vermək, erməni diasporuna istinad edən bu şəxsin siyasi nüfuzunu maksimum aşağı salmaq, ona etimadı minimuma endirmək idi.

Planın ikinci hissəsi isə Qarabağdakı situasiyadan istifadə edərək ona rusiyalı sülhməramlıların yeridilməsinə nail olmaqdı.

Məhz bu səbəbdən Rusiya Azərbaycanla Ermənistana pressinq göstərərək hərbi əməliyyatların dayandırılmasına nail oldu və ermənilər tam darmadağından xilas etdi.

Azərbaycanın Qarabağ problemini təkbaşına, birdəfəlik həll etməsi Rusiyanın maraqlarına cavab vermirdi. Çünki belədə Rusiya Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını itirəcəkdi, Ermənistan forpost və buyruq köləsi qismində Rusiyanın əlindən çıxacaqdı, ən nəhayət, Moskvanın Bakıya təsir rıçaqları qalmayacaqdı.

Qarabağla bağlı anlaşma isə Ermənistanı birdəfəlik olaraq Rusiyanın orbitində saxlayır və İrəvana hələ bundan sonra uzun müddət Qərblə sıx münasibətlər qurmağa imkan vermir.

Azərbaycana gəldikdə isə, Qarabağda çox yaxşı təchiz edilmiş 1950 rusiyalı hərbçinin sülhməramlı statusu ilə yerləşdirilməsi təbii ki, xoşagələn məsələ deyil.

Lakin qarabağlı ermənilərlə bağlı problemlərin – o cümlədən onların tərksilah edilməsi, Ermənistan qoşunlarının işğal altında saxladıqları ərazilərdən çıxarılması, qayda-qanunların bərpa edilməsi, ən başlıcası isə savaş günlərində Xankəndidən qaçaraq Ermənistana gedən və savaşdan sonra geri qayıtmaq istəyən ermənilərin qaytarılması kimi proseslərin – həlli çətin, hətta məşəqqətli məsələlərə çevriləcəkdi.

Heç şübhə yoxdur ki, ermənilər ən müxtəlif təxribatlara əl atacaq, odlu silahlardan istifadə edəcək, sonra da ordumuzu “etnik təmizləmələr”də, “etnosid”də suçlayacaqdılar. Bu səbəbdən qarabağlı ermənilərlə bilavasitə təmaslarda rusiyalı sülhməramlıların olması daha sərfəli, əlverişli variantdır.

Rusiyanın Qarabağı tam nəzarətə götürməsi iddiasına gəldikdə isə, bu, sadəcə, mümkün deyil. Rusiyalı hərbçilər sülhməramlı missiyanı yerinə yetirirlər və onların da fəaliyyət müddəti anlaşmada göstərilib, yəni 5 ildir.

Qarabağın “açar”ı və ən mühüm strateji məkanı sayılan Şuşanın işğaldan azad edilməsi, habelə Laçın dəhlizinin nəzarətimizdə olması ilə bağlı anlaşma bütün Qarabağa taktiki-strateji nəzarət imkanlarının əldə olunması deməkdir.

Bir müddət sonra isə Qarabağda rusiyalı sülhməramlılarla yanaşı, türk hərbçilərin də xidmət etməyə başalyacaqlarını nəzərə alsaq, situasiyanın Azərbaycan üçün hansı sonucla bitməsini görmək çətin deyil.

Təbii, rusiyalı sülhməramlıların Qarabağda olmalarının 5 illik müddətlə məhdudlaşdırılması və sonra da tərəflərin etirazı olmazsa, həmin müddətin avtomatik olaraq 5 il də artırılması ilk baxışdan təhlükəlidir. Bu şərti hətta “le provisoire qui dure” (“müvəqqəti qədər daimi heç nə yoxdur”) kimi dəyərləndirənlər də var.

Fəqət, reallıq budur ki, işğaldan azad edilmiş ərazilərdə möhkəmlənmək üçün Azərbaycana vaxt gərəkdir.

O vaxt məhv edilmiş status-kvonun Qarabağın bütün ərazilərində Azərbaycan qanunlarının işləməsi, qarabağlı ermənilərin Azərbaycan qanunlarına riayət etmələrinin təminatı və ümumiyyətlə, bütün Qarabağda Azərbaycan qanunlarının, suverenitetinin bərqərarı üçün gərəkdir.

Milli.az