Rusiya sülhməramlıları yeni statusda Qarabağda mövcudluğunu saxlayacaq? -AÇIQLAMAbackend

Rusiya sülhməramlıları yeni statusda Qarabağda mövcudluğunu saxlayacaq? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyalı ekspertlərin Azərbaycan üçün Rusiya sülhməramlı kontingentinin yeni statusda polis funksiyalarının verilməsi ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur”.

Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Kaspi Strateji Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Karavayevin “Azərbaycan üçün Rusiya “sülhməramlı” kontingentinin statusunun hərbi sülhməramlı qüvvədən monitorinq qrupuna dəyişdirilməsi, ona müəyyən polis funksiyalarının verilməsi ilə bağlı danışıqların aparılması məntiqli ola bilər. Bu, RSK-nın səlahiyyət müddəti başa çatdıqdan sonra edilə bilər. Monitorinq qrupunun yaradılması danışıqların nəticəsi ola bilər ki, bu da funksiyaların hərbidən polisə keçməsi ilə Rusiyanın regionda mövcudluğunun uzanmasına gətirib çıxaracaq”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz ərazilərində vətəndaşları ilə münasibət qurmasında heç bir problem yoxdur:

“Rusiya sülhməramlı kontingentinin ərazilərimizdə yerləşdirilməsi müddəti də birgə bəyanatla təyin olunub. Hazırda rus kontingenti fəaliyyətinin yarısını dayandırıb. Eyni zamanda özünə aid olan silah və texnikaların da bir hissəsini ərazidən çıxartmasına dair siqnallar mövcuddur. Həmin sülhməramlı kontingentin Qarabağda yerinə yetirəcəyi funksiya yoxdur. Lokal antiterror əməliyyatından sonra Qarabağda atəşkəs pozuntusuna rast gəlinməyib. Belə olduğu halda rus kontingentinin ərazidə fəaliyyətinə olan zərurət aradan qalxıb”.

Hərbi ekspertin fikrincə, Rusiya sülhməramlı qüvvələrinin hansısa başqa statusla Azərbaycan ərazilərində qalması qeyri-mümkündür: “Bu bizim nə milli, nə dövlət, nə də ictimai maraqlarımıza cavab verir. Rusiya sülhməramlıların nəinki müəyyən edilən müddətin sonunda, hətta bir il əvvəl yəni, gələn ilin ortalarında tamamilə ərazidən çıxarılması mümkündür”.

//Safura Bənnayeva, Editor.az