“Lavrovun bu fikirlərinin arxasında Qarabağda sülhməramlıların ən azından vaxt bitənə qədər qalmalarını qarantiləmək dayanır”.
Bunu Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında “ABŞ və Avropa İttifaqı (Aİ) qeyri-sabitlik yaydığı halda, Qarabağdakı Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rus sülhməramlılarının müddəti 2025-ci ilin noyabrında bitəcək və Rusiyanın hazırda hədəflərindən biri bu müddəti 2030-a qədər uzatmaqdır:
” Ona görə Rusiya “sülh göyərçini” rolunda çıxış etməyə başlayıb. Lavrovdan öncə XİN sözçüsü Zaxarova buna bənzər fikirlər səsləndirmişdi. Amma hesab edirəm ki, niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan tərəfi qardaş Türkiyəni də yanına alaraq, sülhməramlıların Qarabağdan getməsində qətiyyətlidir. Bunu Ali Baş Komandanımız İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğan da dilə gətirib. Əslində uğurlu antiterror tədbirlərimizdən sonra Kreml sahibi Vladimir Putin dövlət başçımızla dialoqu barədə danışmış və sülhməramlıların Xankəndi daxil, azad etdiyimiz son ərazilərdən sonra Qarabağda qalmalarına bir əsasın olmadığını dilə gətirmişdi. Amma nədənsə rus ayısı son günlərdə qəflət yuxusundan oyanıb”.
Siyasi şərhçi Rusiyanın narahatlığını gizlədə bilmədiyini də söyləyib:
“XİN başçısının bu fikirlərində Avropa ölkələrinin regiona soxula biləcəkləri barədə bir narahatlığın hökm sürdüyü hiss olunur. Bu da başa düşüləndir. Çünki tarix boyu bu regionda əsas söz sahibi Rusiya olub. Hesab edirəm ki, Amerika və Fransa kimi dövlətlər istəklərinə nail ola bilməyəcəklər. Qardaş Türkiyə, Rusiya və İran kimi nəhənglər buna imkan verməzlər. Azərbaycan belə hər hansı bir ad altında Qərbdən gələ biləcək hər hansı bir qüvvənin, missiyanın bir neçə il müddətinə Qarabağa yerləşdirilməsinə razı olmaz. Lavrovun özü də bilir ki, nağıl söyləyir. Rus sülhməramlıların fəaliyyət göstərdikləri düz 35 ay ərzində necə özlərini göstərdikləri göz qabağındadır. Daim hiddət, qəzəb doğuran fəaliyyətlərinin şahidi olmuşuq. Onlar ermənipərəst mövqelərindən kənara çıxa bilmədilər. Azərbaycan tərəfin üzərinə düşən əsas iş ondan ibarətdir ki, elə fəaliyyət göstərilsin ki, 2025-cü ilin noyabrın 10-dan sonra rus sülhməramlıların Qarabağda qalmalarına heç bir zəmin yaranmasın. Bunun belə olacağına çox inanırıq. Sülhməramlıların fonunda Rusiyanın Qarabağda vəd etdiyi “dinc həyat nağılı” sadəcə sözdədir. Öz işimizi özümüz görməliyik. Necə ki, Vətən müharibəsi və son 23 saat 51 dəqiqəlik antiterror tədbirlərimizlə biz bunu sübut etdik”.
//Safura Bənnayeva, Editor.az

