“Məlum olduğu kimi, Rusiya sülhməramlıları 2020-ci ildə Vətən Müharibəsində əldə etdiyimiz qələbədən sonra imzalanan üçtərəfli bəyanat əsasında müvəqqəti olaraq ərazimizə yerləşdirildilər. Bəyanatın 4-cü bəndinə əsasən sülhməramlılar erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idilər. Eyni zamanda, onların qalma müddəti də 5 ildir. O şərtlə ki, tərəflərdən biri müddətin bitməsinə 6 ay qalmış bu bəndin tətbiqinə xitam verilməsi niyyəti ilə çıxış etməsin. Əgər tərəflərdən biri xitam təklifi ilə bağlı çıxış etməzsə, müddət avtomatik olaraq 5 ilik yenidən uzadılmış olur. Burda tərəflər deyəndə Rusiya və Azərbaycan nəzərdə tutulur”.
Bunu Editor.az-a Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi diskusiyalarda çıxış edərkən ” sülhməramlıların mandatı 2025-ci ilə qədər nəzərdə tutulub, lakin bundan sonra tərəflərdən biri sülhməramlıların işinin dayandırılması barədə bəyanat vermədiyi halda avtomatik olaraq yeni beşillik müddətlərədək uzadılacaq”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bəyanata əsasən sülhməramlılar müvəqqəti yerləşdiyi ərazidə sülhü təmin etməli, ərazidə yerləşmiş erməni silahlı qüvvələrini çıxartmalı, Laçın koridorunda nəzarət buraxılış fəaliyyətini təmin etməli idilər
“Amma təəssüflər olsun ki, biz bunların şahidi olmadıq. Keçən bu müddət ərzində dəfələrlə erməni silahlı qüvvələri tərəfindən atəşkəs pozulub, Azərbaycan ərazilərinə silahlı basqın edilib, hərbiçilərimiz şəhid edilib, hüquqi torpaqlarımıza Azərbaycanın razılığı olmadan erməni və digər ölkələrin rəsmi şəxsləri buraxılıb, separatizmə açıq dəstək verilib, ərazidə qalan erməni silahlı birliklərinə gizli yollarla silah və texnika sülhməramlıların müşahidəsi ilə daşınıb. Ermənistan ərazisindən Qarabağla hüquqi bağı olmayan şəxslər daşınaraq yaşamaları üçün əraziyə gətirilib. Yəni, sülhməramlılar bəyanatın ilk aylarında elə davranırdı ki, sanki həmin ərazilər Rusiya torpaqlarıdır. Bu da onların bu ərazilərdə daimi qalmaq həvəslərində olduğunu göstərirdi “.
Y.Hacızadənin fikrincə, Azərbaycan ən yüksək səviyyədə Rusiya sülhməramlılarının qanunsuz hərəkətlərinə etirazını bildirib: “Həmçinin, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycan ərazisidir və orda baş verənlər bizim daxili işimizdir, biz heç kimlə bu məsələni müzakirə etməyəcəyik” çıxışı, erməni təxribatlarının qarşısının şücaətlə alınması, Laçın dəhlizinin Laçın yolu ilə əvəz edilməsi və Laçın yolunda bu ilin aprel ayından Azərbaycan tərəfindən “Sərhəd keçid məntəqəsinin” qurulması və son günlər həyata keçirilən antiterror əməliyyatı ilə ərazidə olan erməni silahlı qüvvələrinin təslim edilməsi və onların tərksilah prosesinin başlaması güman etməyə əsas verir ki, Azərbaycan sülhməramlıların burda qalma müddətinin bitməsini planlaşdırır. Yəni, Azərbaycan Rusiya sülhməramlılarının etməli olduğu və etmədiyi bütün işləri özü görərək, onların təsir vasitələrinin hamısını sıradan çıxartdı. Həm də öz ərazilərimizin qorunması, təhlükəsizliyinin təmin edilməsi üçün kifayət qədər hərbi imkanlarımız var. Ona görə hər hansısa bir ölkənin silahlı qüvvələrinin ərazimizdə qalması hesab edirəm ki, dövlətimizin marağında deyil “.
Yalçın Hacızadə Rusiya silahlı qüvvələrinin ölkəmizdə saxlaması üçün müxtəlif təzyiqlər və təxribatlar həyata keçirə biləcəyini düşünür: “Çünki Rusiya belə hallardan çox tez-tez istifadə edir. Eyni zamanda, sülhməramlı adı ilə bir çox münaqişə bölgələrinə yerləşsə də, müddətin bitməsindən sonra çıxmayıb. BMT Baş Məclisinin “təcavüz” anlayışını izah edən 14 dekabr 1974-cü il tarixli, 3314 saylı qətnaməsi var. Həmin qətnamədə bir neçə halın “təcavüz” hesab edilərək qiymətləndirilməsi göstərilib. Onlardan biri də – bir dövlətin, başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin, bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və həmin silahlı qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra ərazidə qalmasını hər hansı bir formada davam etdirməsi də “təcavüz, işğal” hesab edilir. Mən güman edirəm ki, Azərbaycan Rusiya sülhməramlılarının ərazisində qalma müddətini uzatmayacaq və eyni zamanda, Rusiya Azərbaycanın razılığı olmadan ərazilərində qalmayacaq. Çünki dövlətimizin dost, müttəfiq ölkələrlə regionda formalşdırdığı siyasi, hərbi əlaqələr bunun qarşısını alacaq gücdədir “.
//Safura Bənnayeva, Editor.az