“Rusiya sülhməramlılarının Qarabağla bağlı hazırladığı xəritə qeyri-realdır” – AÇIQLAMAbackend

“Rusiya sülhməramlılarının Qarabağla bağlı hazırladığı xəritə qeyri-realdır” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub.

Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq, dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir.

Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.

Məsələni Oxu.Az-a millət vəkili Vüqar Bayramov şərh edib.

O bildirib ki, birmənalı şəkildə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın hüdudlarını nəzərdə tutan yeni xəritə təqdim etməsi təəssüf doğurur:

“Bu, ciddi bir təəccüb yaradır. Çünki yeni xəritənin tərtib edilməsi razılaşma prinsipinə ziddir. Eyni zamanda, Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Bütün hallarda əsaslandırılmamış yeni xəritələrin cızılması və təqdim olunması heç bir halda qəbul olunan deyil. Həm də manipulyasiya təəssüratı yaradır.

Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericilik və üçtərəfli bəyanat əsasında tənzimlənir. Onlar fəaliyyətlərini bu prinsiplərə uyğun qurmalıdırlar. Hazırlanan yeni xəritə qeyri-realdır. Təbii ki, xəritənin düzəlişə ehtiyacı var. Anlaşmaya uyğun olaraq istiqamətlər hazırlanmalıdır”.

V.Bayramovun sözlərinə görə, son proseslər onu göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda keçirilən Zəfər paradında iştirak etməsi bəzi dairələri qıcıqlanıblar:

“Ümumiyyətlə, Rusiya sülhməramlı missiyanın həyata keçirilməsində, regiondakı fəaliyyətində də Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. 10 noyabrda olan bəyanat həyata keçirilməlidir.

Azərbaycan ordusu güclüdür. Son proseslər onu göstərdi ki, Azərbaycan öz ərazisində həyata keçirilməyə cəhd edilən terror hadisəsinə antiterror əməliyyatı ilə cavab vermək gücünə malikdir”.

Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.

Görünür, Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir.

Rusiyada bəzi dairələr anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlərin tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan bir şey deyil.

Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyillərinin daha da güclənməsinə səbəb olur.