‘’ Rusiya sülhməramlılarının  vəzifəsi yalnız erməni əhalisinin təhlükəsizliyini təmin etmək deyil’’- Politoloqbackend

‘’ Rusiya sülhməramlılarının vəzifəsi yalnız erməni əhalisinin təhlükəsizliyini təmin etmək deyil’’- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Ermənilərin Rusiya sülhməramlılarının müşahidə apardığı ərazilərdən keçərək, Azərbaycan hərbçilərinə qarşı terror aksiyaları törətmələri, ardıcıl xarakter aldığı üçün narahatlıq doğurur və sülhməramlı missiya ilə bağlı bir sıra haqlı sualların meydana gəlməsinə zəmin yaradır. Çünki Rusiya sülməramlılarının vəzifələrinə, yalnız mülki erməni əhalisinin təhlükəsizliyini təmin etmək daxil deyil’’.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, sülhməramlıların, onlar üçün ikiüzlü, üçüzlü siyasi subyektin müəyyənləşdirdiyi, əli Azərbaycan xalqının qanına bulaşmış müharibə cinayətkarlarını himayə etmək, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzaladığı bəyanatın prinsiplərinə zidd olaraq, silahlı erməni hərbi birləşmələrinin nəzarət etdikləri ərazilərimizdəki mövcudluğuna göz yummaq kimi qeyri-leqal fəaliyyət istiqamətlərindən başqa həyata keçirəcəkləri qanuni vəzifələr də var. Bu vəzifələr isə BMT-nin sülhməramlı missiyaların fəaliyyətinin hüquqi təminatı ilə bağlı ümumi prinsiplər əsasında həyata keçirilir:

-Münaqişənin və onun sərhədlərdən kənara çıxmasının qarşısının alınması üçün əraziyə qüvvələrin yerləşdirilməsi; – Atəşkəsdən sonra münaqişəli vəziyyətin sabitləşdirilməsi, tərəflər arasında davamlı sülhün əldə edilməsi üçün müvafiq şərairin yaradılması;

– Hərtərəfli sülh sazişinin gerçəkləşdirilməsini təşviq etmək, ölkələrə və ya ərazilərə demokratik prinsiplərə, yaxşı idarəetməyə və iqtisadi inkişafa əsaslanan sabit idarəetməyə keçidin öhdəsindən gəlməyə yardım göstərilməsi;

– Keçmiş döyüşçülərin tərksilah edilməsi, silahsızlaşdırılması və reinteqrasiyası, ərazilərin minalardan təmizlənməsi;

– Təhlükəsizlik sektorunun bərpası, qanunun aliliyinin təmin edilməsi və insan hüquq və azadlıqlarının qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi; – Seçkilərin keçirilməsinə dəstək;

– Dövlət hakimiyyət orqanlarının bərpası və möhkəmləndirilməsinə yardım göstərmək, sosial-iqtisadi bərpaya və inkişafa dəstək vermək.

‘’Göründüyü kimi, yuxarıda sadaladığım qanuni vəzifələrin icrası ilə bağlı Rusiya sülhməramlıları tərəfindən hər hansı bir ciddi tədbir həyata keçirilməyib. Bunun səbəbləri haqqında müxtəlif ehtimallar irəli sürmək olar. Amma hesab edirəm ki, indiki şaraitdə bu ehtimallardan daha çox Hadrutda baş verən son təxribatın səbəblərinə aydınlıq gətirilməsinə ehtiyac var’’.-deyə politoloq qeyd edib.

O əlavə edib ki, bu təxribatın, terror aksiyasının baş verməsi kimin maraqlarına uyğun ola bilər? Təxribatın sifarişçiləri (əgər varsa) hansı məqsədi güdürlər? 5-10 erməni terrorçusunun Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərdə hansısa nəticəyə nail olması mümkün deyil: ‘’ O zaman bu terrorçuları ölümə kimlər və nə üçün göndərir sualı çıxır ortalığa. Hadrutun işğaldan azad edildiyi vaxtdan keçən dövr ərzində burada silahlı şəxslərin ərzaq və dərman təminatı, isti geyim və sığınacaq olmadan yaşaması da inandırıcı görünmür. Deməli, əraziyə Rusiya sülhməramlılarının müşahidə apardığı məntəqələrdən “sızıblar”. Belə “sızmalar” Rusiya sülhməramlılarının sayının bölgəyə nəzarət etməyə imkan vermədiyi barədə bəhanələrin irəli sürülməsinə və bunun məntiqi davamı olaraq “sülhməramlıların sayının artırılması” ilə bağlı təşəbbüslərə yol aça bilərmi? Şübhəsiz ki, aça bilər’’.

Elçin Mirzəbəylinin sözlərinə  görə,  başqa bir ehtimal Ermənistandakı “Qarabağ klanını”nın və onun Xankəndindəki uzantılarının Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırıması üçün həyata keçirdiyi silsilə təxribatlarla bağlıdır:’’Hadrut təxribatının da İrəvanda baş verənlərin “həlqəsi” kimi nəzərdən keçirilməsi mümkündür. Xankəndinə gətirilən cəsədlər ermənilərin öz “təhlükəsizlikləri” barədə hay-küylərinin artmasına və sülhməramlıların sayının artırılması ilə bağlı yeni iddiaların meydana gəlməsinə bəhanə yaratdığı kimi, İrəvana aparılan cəsədlər də Paşinyana qarşı etirazların güclənməsinə yol aça bilər. Hadrutda baş verən təxribatın səbəblərindən birinin də prosesə üçüncü qüvvələrin müdaxilə etmək niyyəti ilə bağlı olması mümkündür. Burada daha öncə irəli sürdüyüm ehtimallara əks olan yanaşmalar yer alsa da belə, Rusiya sülhməramlılarının öz vəzifələrinin öhdəsindən gəlmədiyi barədə rəy formalaşdırmağa çalışan qüvvələrin olduğu kimsəyə sirr deyil. Müharibə nəticəsində regiona təsir imkanlarını itirən qüvvələr ardıcıl təxribatlar vasitəsilə Rusiyanın sülhməramlı missiyasının gözdən salınmasına cəhd göstərə bilərlər. Sonuncu ehtimalım isə, yaxın perspektivdə Çavuşovlu-Lavrov, nisbətən uzaq perspektivdə isə Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin yanvarın 11-də keçiriləməsi nəzərdə tutulan görüşünün nəticəsinə təsir göstərilməsi niyyəti ilə bağlıdır’’.

‘’ Son olaraq bütün hallarda təmkinimizin pozulmamasının vacibliyini düşünürəm və hesab edirəm ki, bütün ehtimallardan ən doğrusunu Azərbaycanın siyasi rəhbərliyi müəyyənləşdirəcək və hər zaman olduğu kimi ən doğru seçimini edəcək’’- deyə o, bildirib.

Abasova Gülnarə, Editor.az