“Rusiya tamamilə məğlub olarsa, Ermənistan gəmini birinci tərk edəcək”-ŞƏRHbackend

“Rusiya tamamilə məğlub olarsa, Ermənistan gəmini birinci tərk edəcək”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş təcrübə və hazırki etirazlar sülh sazişini imzalayacağı təqdirdə Paşinyanın hakimiyyətdə qalmayacağı fikrini haqlı olaraq önə çıxarır. Lakin burada müəyyən məqamlar bunun baş tutacağı ehtimalını azaldır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib. Analitik sülh sazişinin imzalanacağı təqdirdə Paşinyanın hakimiyyətdə qalacağını düşünür:

“Birincisi, Ermənistan cəmiyyətində artıq Qarabağ məsələsinə görə hakimiyyətə kütləvi etiraz yoxdur, əksinə dəstək var.

İkincisi, sosial-iqtisadi problemlərlə hakimiyyətdən getmiş müxalifətin “Qarabağ kartı”ndan istifadə edərək, Paşinyanı devirəcək qədər gücü qalmayıb. Bunun fonunda Paşinyan bir tərəfdə Qarabağı, bir tərəfdə Ermənistanın mövcudluğunu qoymaqla sülh sazişi ilə bağlı erməni ictimai rəyini yaxşı yönləndirir. Nikolun anklavlar məsələsində üzləşə biləcəyi daxili təzyiq daha riskli ola bilər, hərçənd, bu baş verərsə, prosesi idarə edə biləcəyini düşünürəm, çünki erməni əhalisinin böyük hissəsi 44 günlük müharibədə yaşadıqlarını bir daha yaşamaq istəmir”.

A. Nərimanlı hesab edir ki, erməni müxalifəti üçün çıxış yolu Paşinyanı fiziki olaraq məhv etməkdir:

“Yaxud silahlı qiyamla çevriliş etməlidirlər. Mövcud vəziyyətdə sui-qəsd iddialarının daha çox iqtidarın özü tərəfindən tirajlandığı fikrindəyəm, Paşinyan bundan istifadə edərək, Qərbin dəstəyini artırır, eyni zamanda, danışıqlar masasında yayınmaq istədiyi məsələ olanda “bunu etsəm, sui-qəsdə məruz qalaram” kimi manevr imkanı əldə edir. Lakin belə bir ssenarinin olması, yaxud silahlı qiyamın baş verməsi də həmişə aktualdır. Bunu müxalifətin təkbaşına etməsi çətin görünür, resursları olmadığı kimi, silahlı üsyan təşkil etmək potensialları və hərbi strukturlardan hansısa dəstək almaları imkanları da azdır. Onik Qasparyan böhranında Paşinyan ordunu böyük ölçüdə nəzarətə götürə bildi. Yalnız Rusiya belə bir qərar verərsə, nəticə əldə ediə bilər. Lakin Rusiya hələ də diplomatik dilə üstünlük verir, Ukrayna cəbhəsində döyüşdüyü vaxt əlavə problem istəmir və yalnız Ermənistanı bütövlükdə itirmək riski yaranarsa, üslubunu dəyişdirə bilər. Bunu Paşinyan da bilir, ona görə Rusiyaya qarşı siyasətində hara qədər gedə biləcəyini görür və bundan kənara çıxmır. Ukrayna müharibəsində nəticələr bəlli olmadığı müddətdə bu siyasətin dəyişəcəyi ehtimalı azdır, əgər Rusiya tamamilə məğlub olarsa, Ermənistan gəmini birinci tərk edəcək, əksi olarsa, ritorikasını dəyişdirəcək”.

//Gülnarə Abasova, Editor.az