“Rusiya tutduğu əraziləri Ukraynaya bir də geri qaytarmayacaq, çünki…”- Politoloqdan ŞƏRHbackend

“Rusiya tutduğu əraziləri Ukraynaya bir də geri qaytarmayacaq, çünki…”- Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna böhranı uzandıqca tərəflərin həm maddi, həm də mülki itkiləri artır. Beləliklə vəziyyət gərginləşdikcə üçüncü tərəflər proseslərə hansı tərzdə, necə müdaxilə edəcəkləri ilə bağlı tez-tez fikir ayrılıqları yaşaya bilirlər.”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bəzi Qərb ölkələrinin Rusiyanın açıq şəkildə məğlubiyyətini istədiklərini deyib:

” Onlar çalışırlar ki, Ukraynaya dəstək olsunlar. Ancaq zaman keçdikcə bu dəstəyin həm mahiyyəti, həm də həcmi dəyişir. Artıq münaqişə prosesinin özünə maraq da azalır. Belə ki, uzun sürən münaqişələr tarixdə hər zaman bir müddət sonra diqqətdən kənar qalır. Məsələn İraq-İran müharibəsi 8 il müddətində davam etdiyinə görə artıq beynəlxalq birliyin diqqətinin periferiyasına düşdü. Beləliklə Ukrayna böhranı ilə bağlı nə qədər yardımlar olsa da artıq prosesə diqqət azalıb”.

T. Abbasov Rusiyanın məğlubiyyətinə inanmadığını vurğulayıb:

“Rusiya ən pis halda razılığa gedərək danışıqlar masasına oturacaq, ancaq tutduğu əraziləri Ukraynaya bir də geri qaytarmayacaq. Bu, rəsmi Moskvanın siyasi xəttindən irəli gələn bir tələbdir. Ukrayna isə tezliklə atəşkəsin elan olunmasında maraqlı olmalıdır. Kiyev münaqişədə daha çox itirir. Çünki onun resurs bazası Rusiya ilə müqayisədə məhduddur. Ölkə daxilində də vəziyyət psixoloji mənəvi böhrana doğru sürüklənir. Çünki Ukrayna mənbələrinin məlumatına görə, ölkədə daxili səfərbərlik tam şəkildə baş tutmur. Xeyli vətəndaşı Ukraynanı tərk edib. Bu say müharibə başlayandan artıq milyonları keçib. Onlar özləri də etiraf edirlər ki, bu cür müharibə aparmaq düzgün deyil, hansı ki əhalinin yalnız 20-25 faizi özünü qurban verir. Bir çoxları isə müharibə çağırışlarımdan gizlənir və ya qaçır. Beləlikdə ölkə daxilində müqavimət ruhunun güclü olmadığı müşahidə olunur. Hesab edirəm ki, Ukrayna diplomatiyası üçüncü tərəflərin fətvalarına inanmamalı və danışıqlar masasına oturmalıdır. Bu proseslərdə Ukrayna hakimiyyəti gərəközü manevr edərək müharibəni dayandırsın, yoxsa itkiləri çox olacaq”.

//Gülnarə Abasova, Editor.az