“Baydenin Rusiyanın Ukraynaya hücum edəcəyi durumda iqtisadi sanksiyalarla hədələməsi belə göstərir ki, Amerika Rusiyanın Ukraynaya hücum edəcəyindən ya əmindir, ya da onu hücuma şirnikləndirir ki, hərbi müdaxilə etməyəcəm rahat ol. Vaxtilə Əfqanıstana sovet ordusunun girməsi zamanı Amerikanın yalandan hədə-qorxu gəlməsi kimi. Rusiya isə heç bir xəbərdarlığa baxmadan Ukraynaya hücum edə bilmək potensialındadır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitik bildirib ki, Amerika Ukraynaya silah yardımı barədə senatda (300mil. doll.) qərar qəbul edib:
“İngiltərə isə 1milyard funt sterlinq dəyərində. Ukraynaya silah yardımı etməklə bu silahlardan istifadə zamanı rus əsgərinin kütləvi qırğınının nəticələrinə əsasən Rusiyanı müharibədən çəkindirmək istəyirlər. Rusiya üçün bu müharibə sonun başlanğıcı olar. Ukraynanın tam işğalı Rusiyaya lazım deyil. Ona lazım olan əraziləri alıb, amma Odessa, Xarkov, Mariupol kimi şəhərlər, hətta Dnepr çayının sərhədinə çıxmaqdan söz edilir. Azov dənizinin tam akvatoriyasını tutmaq da plana daxil ola bilər”.
A. Qasımov hesab edir ki, işğal zamanı bu ərazilərdə yaşayan milyonlarla Ukrayna vətəndaşlarının Rusiyaya qarşı olan qəzəbini ordu gücü ilə yatırmaq mümkün olmaz:
“İndi keçən əsrin əvvəlləri deyil ki, baş qaldıran əhalini qırıb sakitlik yaradasan, sovet işğalı dövründə olduğu kimi. Putin o qədər ağlını itirməyib ki, açıq şəkildə Ukraynanı işğal etməyə girişsin. Amerika sadəcə Rusiyanın əl-qolunu bağlamaq istəyir ki, başı qarışsın, dirçələ bilməsin. Ukrayna da bunu bildiyi üçün torpaqlarını geri almağa cəhd edir. Gərginliyin bu halda uzun müddət qalacağı gözləniləndir”.
//Gülnarə Abasova, Editor.az

