Rusiya-Ukrayna böhranının Azərbaycan iqtisadiyyatına TƏSİRLƏRİ: “Bunlar həm mənfi, həm də müsbət istiqamətdə olacaq”backend

Rusiya-Ukrayna böhranının Azərbaycan iqtisadiyyatına TƏSİRLƏRİ: “Bunlar həm mənfi, həm də müsbət istiqamətdə olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna böhranının Azərbaycan iqtisadiyyatına həm qısa müddətdə, həm də orta və uzun müddətdə təsirləri olacağını düşünürəm. Bu təsirlərin bəziləri neqativ olmaqla yanaşı, bəziləri də pozitiv olacaq. Qısa müddətdə ortaya çıxan təsirlər əsasən mənfi istiqamətdə olacaq “.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

İqtisadçı ekspert Rusiya-Ukrayna müharibəsindən yaranan böhranın Azərbaycan iqtisadiyyatına mənfi təsirlərindən bəhs edib:

” Xüsusilə enerji, qida və metal qiymətləri hesabına “idxal inflyasiya” nın, qlobal risklərin artması, birjaların düşməsi və Rusiya mənşəli aktivlərin dəyərinin çökməsi nəticəsində Neft Fondu investisiya gəlirlərinin azalması; Azərbaycanın Ukraynaya ixracının kəskin azalması; Azərbaycanın Ukraynadakı investisiyalarının risk altına düşməsi və bu investisiyalardan gəlirlərinin kəskin azalması; idxalda Ukraynadan yüksək asılılığın olduğu bəzi məhsullar, siqaret; tütün, iribuynuzlu heyvan əti, quş əti və onun əlavə məhsulları, süd və qaymaq, kərə yağı, digər süd yağları və pastaları, şəkərdən hazırlanan qənnadı məmulatları və digər Azərbaycan bazarında qıtlıq və qiymət artımı problemlərinin ortaya çıxması; idxalda Ukraynadan yüksək asılılığın olduğu bəzi xidmətlər üzrə (ali təhsil xidmətləri, informasiya texnologiyaları xidmətləri və.s) problemlərin ortaya çıxması; Ukraynadakı Azərbaycanlıların (təxminən 500 min) əhəmiyyətli hissəsinin iş yerlərini itirməsi və ölkəyə pul köçürmələrinin azalması; Azərbaycanın Ukrayna ilə planlaşdırılan iqtisadi layihələrinin böyük risk altına düşməsi; rublun kəskin dəyərdən düşməsinin manat üzərində də təzyiq yaratması və Rusiyadan idxalın stimullaşması; yoxsullaşan Rusiya bazarının Azərbaycandan idxalının azalması və ya ixracda Rusiya bazarından yüksək asılılığın olduğu məhsullar üzrə (kartof; təzə tərəvəz; təbii üzüm şərabları və üzüm suslosu; meyvə və tərəvəz şirələri; neft koksu və.s.) ixracın kəskin düşməsi; idxalda Rusiyadan yüksək asılılığın olduğu bəzi məhsullar üzrə (buğda; buğda unu; mineral gübrələr; İsti yayılmış polad prokatı; soyuq yayılmış polad prokatı; kağız və kartondan sanitar-gigiyenik məmulatlar; çörək, unlu qənnadı məmulatları; makaron məmulatları; şəkərdən hazırlanan qənnadı məmulatları; xam şəkər və şəkər; ət kolbasası və digər analoji məhsullar; bitki yağları; kartof və.s) qıtlıq və qiymət artımı problemlərinin ortaya çıxması; Rusiya iqtisadiyyatında aktivliyin kəskin aşağı düşməsi nəticəsində bu bazarda çalışan Azərbaycanlıların (təxminən 2,5 milyon) iş yerlərini itirməsi və ölkəyə pul köçürmələrinin kəskin azalması; Rusiyaya və Belarusa tətbiq edilən sanksiyaların iqtisadi əlaqələrdə Azərbaycan üçün yaradacağı çətinliklər; Rusiya iqtisadiyyatında baş verən oxşar problemlərin Belarus iqtisadiyyatında da ortaya çıxması və Azərbaycan-Belarus iqtisadi əlaqələrinin risk altına düşməsidir”.

E. Bağırzadə qeyd edib ki, Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından olan Türkiyənin Rusiya və Ukrayna bazarlarına turizm, qida, kənd təsərrüfatı, logistika, enerji və tekstil sektorları vasitəsilə sıx bağlı olması və böhranın Türkiyə iqtisadiyyatında başda inflyasiya olmaqla bir sıra problemlər yaratması Azərbaycan iqtisadiyyatına da təsir edəcək:

“Ancaq əsasən orta və uzun müddətli dövrdə müsbət təsirləri də ola bilər və bunların da əsasən bunlar olacağı qənaətindəyəm: böhranın neft və qaz qiymətlərini yüksəltməsi nəticəsində Azərbaycanın neft-qaz gəlirlərini artması; Avropa ilə Çin arasında quru üzərindən yükdaşımaların tədricən Azərbaycanın da yerləşdiyi Orta Dəhlizə ötürülməsi, bu Dəhlizin əhəmiyyətinin yüksəlməsi və nəticədə Azərbaycanın tranzit gəlirlərinin artması; Qərbin Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə alternativ axtarışlarını sürətləndirməsi, Trans-Xəzər qaz layihəsinin reallaşması və qonşu İranın qlobal iqtisadiyyata qayıtması ehtimalının yaradacağı yeni iqtisadi təsirlər; Ukraynanın yüksək istisaslı kadrlarının və informasiya-texnologiyaları şirkətlərinin Azərbaycan iqtisadiyyatına cəlbi imkanlarının ortaya çıxması; Rusiyanın sanksiyalardan yayınmaq üçün Azərbaycan iqtisadiyyatına marağının kəskin artması və Rus kapitalının Azərbaycana cəlbi imkanının genişlənməsi; Rusiyanı tərk edən Qərb şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının kəskin artması və Qərb kapitalının Azərbaycana cəlbi imkanının genişlənməsi; Rusiya ilə Avropa arasında iqtisadi əlaqələrin qırılması və iqtisadi sanksiyaların imkan verdiyi ölçüdə Azərbaycanın Rusiya ilə Avropa arasında re-eksport mərkəzlərindən birinə çevrilməsi imkanının yaranması; Ukrayna və Rusiya bazarlarına Türkiyənin böyük həcmli kənd təsərrüfatı məhsullarını ixrac etməkdə qarşılaşdığı çətinliklər nəticəsində Azərbaycanın bu məhsullardan ehtiyacı olanı daha əlverişli qiymətlərlə idxal imkanının yaranması… Təbii ki, bütün bu qeyd etdiklərim, indiki şərtlər çərçivəsində proqnozlaşdırılan təsirlərdir. Qarşıdakı günlərdə vəziyyətdə kəskin dəyişikliklər başqa proqnozları da ortaya çıxara bilər. Ancaq onu da unutmamalıyıq ki, “isti savaş” müəyyən dövrdən sonra bitsə də, “soyuq savaş” və sanksiyalar hələ uzun müddət davam edəcək.

//Gülnarə Abasova, Editor.az