Rusiya və Ukrayna arasında “1000-ə 1000” formatında əsir mübadiləsini Türkiyə təklif edib. Bu təşəbbüs danışıqların çıxılmaz vəziyyətə düşməsi fonunda irəli sürülüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN telekanalı diplomatik mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, danışıqlarda irəliləyişin olmamasına səbəb Rusiya tərəfinin Ukraynadan dörd bölgədən qoşunlarını çıxarmasını tələb etməsi olub. Bu tələbdən sonra danışıqlar dalana dirənib və Türkiyə nümayəndəsi tərəflərə konkret humanitar təşəbbüslə çıxış edib.
Eyni zamanda, Türkiyə tərəfi danışıqların ümumi atmosferini pozitiv qiymətləndirib. Diplomatik mənbələrin məlumatına əsasən, tərəflər görüş zamanı bir-birilərinə qarşı ittiham xarakterli ifadələr işlətməkdən çəkiniblər.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar 16 may 2025-ci il tarixində İstanbulda keçirilib. Görüşdə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan da iştirak edib.