Ukrayna və Rusiya Federasiyasının nümayəndələri Kursk vilayətində hərbi əsirlərin mübadiləsinə dair danışıqlara başlayır.
Editor.az bidirir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bu faktı hərbi əsirlərlə bağlı danışıqlar aparan Ukrayna hərbi kəşfiyyatı nəşrə təsdiqləyib. Bununla belə, Kursk vilayətinə daxil olarkən Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən rusiyalı hərbçilərin dəqiq sayı açıqlanmır. Amma nəşr qeyd edib ki, hökumət və hərbi rəsmilərin fikrincə, yüzlərlə ola bilər.
Əsir düşənlər arasında çoxlu gənc çağırışçılar da var. Nəşr qeyd edib ki, Kursk vilayətində 10 gün davam edən şiddətli döyüşlərdən sonra müharibə edən ölkələr arasında danışıqlar başlayıb. Qəzetin fikrincə, rus hərbçilərinin ələ keçirilməsi Kiyevin müharibənin lap əvvəlindən Kreml zindanlarında olan minlərlə öz əsgərinin və mülki vətəndaşının qaytarılması ilə bağlı danışıqlarda mövqeyini gücləndirəcək.
Yada salaq ki, bir müddət əvvəl Ombudsman Dmitri Lubinets bildirib ki, Rusiya tərəfi bu məsələ ilə bağlı danışıqlara başlamaq təşəbbüsü ilə çıxış edib. Xüsusilə, o qeyd edib ki, Kursk vilayətindəki vəziyyət Rusiya Federasiyasını əvvəllər mübadilə həyata keçirməmək üçün yeni arqumentlər tapmaqdan ibarət olan mövqeyini dəyişməyə məcbur edir.
//Samir Qurbanov, Editor.az