Rusiya-Ukrayna müharibəsində ƏSAS MƏQAMLAR- “Qərb hər zaman Şərq qütbünü “ŞƏR QÜTBÜ” kimi qələmə verməyə çalışıb”backend

Rusiya-Ukrayna müharibəsində ƏSAS MƏQAMLAR- “Qərb hər zaman Şərq qütbünü “ŞƏR QÜTBÜ” kimi qələmə verməyə çalışıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna arasında baş verən proseslərin hərbi fazası məhduddur, uzun sürə bilməz. Ancaq siyasi proseslər çox dərinləşir, həm də təzadların sayı da artır. Birmənalı olaraq hansı tərəfin günahkar olduğunu demək mümkün deyil. Yalnız bir şey məlumdur ki, Şərq-Qərb qarşıdurmasında Ukrayna qurbana çevrilib. Çox heyif ki, belə gözəl ölkə savaş meydanına çevrildi və nəticədə itirən Ukrayna xalqı oldu. Çünki döyüş meydanında yalnız hərbi infrastruktur deyil, həm də vətəndaş infrastrukturu da naqis vəziyyətə düşür, bütün kommunikasiyalar dağılır. Bunların hər biri Ukraynanın cibindən gedəcək xərclərdir. Qərb də bu proseslərdə öz oyununa davam edi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloqun sözlərinə görə,  baş verən proseslərdə əksəriyyət birmənalı olaraq Rusiyanı günahkar sayır və sanksiyalara məruz qalmasına sevinir:

” Məgər bu  hadisələrə qədər Rusiya sanksiyalar atəşinə tutulmamışdı? Sovet Respublikası olduğu vaxtda hər zaman Qərb Sovetlər Birliyini sanksiyalarla hədələmirdimi? Qərb hər zaman Şərq qütbünü “Şər qütbü” kimi qələmə verməyə və bütün dünyanı onun üzərinə qaldırmağa çalışıb. Avropa ilə Amerika arasında Trampın hakimiyyəti dövründə çox soyuq münasibətlər var idi. Tramp öz cibindən Avropanın xərclərini qarşılamaq istəmirdi. Tramp qlobal bir sistemdə hətta Rusiya ilə yaxınlaşma planını həyata keçirirdi ki, güc mərkəzləri dünya çapında balans  yaratsın. İndi isə ABŞ köhnə siyasətə qayıdıb. Amerikanın yalnız bir düşməni var, Rusiya və ona yaxın məmləkətlər… Çox təəssüf ki, bu qarşıdurmalarda üçüncü dövləti qanlı eksperiment meydanına çevrilib. Onun heç bir konstruktiv aspekti yoxdur”.

T. Abbasova qeyd edib ki, Ukrayna xalqında Rusiyaya, rus xalqına qarşı uzunmüddətli nifrət oyanmış oldu:

“Bunu edənlər düşmənlərdir. Sosial şəbəkələrdə, analitik təhlil materiallarında iki xalqı bir-birinə düşmən edən fikirlər çoxdur. Bütün bu proseslərdə bir tendesiyanı görmək mümkünsüzdür. Rusiya əvvəlcə Gürcüstan istiqamətində qardaş ölkə ilə münasibətləri korladı, əlaqələr qırıldı, müharibə oldu. İndi isə həm provaslav, həm də slavyan ölkəsi ilə Rusiyanın min illik münasibətləri qırılır və onlar yenə düşmən olurlar. Biz bax bu intiriqaların, fitnə-fəsadın ip uclarına nəzər saldıqda görürük ki, hər biri Qərbi işarə edir. Çünki Qərb hər zaman Şərqə yuxarıdan aşağı baxıb. 2-ci Nikolay çar dövründə Qərb Rusiyanı hədələmirdi? O zaman da düşmən idilər. Prosesler elə məcraya gəldi ki, Dünya Müharibəsi oldu. Tarix boyu oturulmuş siyasi ideoloji xətlərin hər biri vaxtaşırı qüvvəyə minir və öz təsirlərini göstərir.

Politoloq qeyd edib ki, Zelenski proseslərdə əsas fiqur deyil, çünki Kiyevin siyasətini müəyyən edən tək o deyil:

” Amerikalı mütəxəssisin yaxşı  bir sözü var. Deyir, aktyorların siyasətə gəlməyi problem deyil. Amma yaddan çıxarmaq olmaz ki, aktyorların hər zaman yanlarında suflyorları olur. Bu, çox uğurlu metaforadır. Mərkəzdə Zelenski deyil. Əsas məsələ millətçilərdir, sağçılardır. Onlar ən ifrat cərəyanları gündəmə gətirirlər. Qərb isə bunu görmür və ya özünü görməməzliyə vurur. Rusiya təbii ki, günahkardır. Birbaşa mülki əhalini hədəf alır. Bəs Qərbin çökdürdüyü ölkələrin hesabı niyə soruşulmur? Liviya, Suriya, İraq, Əfqanıstan, Somali və digər ölkələri siz məhv edəndə niyə dünya sanksiyalar tətbiq etmirdi? Baş verən hazırkı proseslərin hər zaman davamı olacaq. Ukrayna hadisələri fonunda iki ssenaridən danışmaq olar. Birincisi, Yuqoslaviya hadisələrini misal çəkmək olar. O zaman NATO və Qərb ölkələri qeyri-qanuni şəkildə BMT-nin razılığı olmadan artıq hərbi əməliyyatlara başladılar. Digəri isə Gürcüstan senarisi… Tarix boyu bütün imperiya, fövqəl dövlətlər hər biri eyni tərzdə hərəkət ediblər. Lakin Pandora Yeşiyini ilk açan Qərb olub. Yuqoslaviyadan başlayan bu proseslər indi də davam edir. Qərbin həsrətində olan bir istəyi var, o da dünyanı öz istədiyi düzənə salmaq…”

Siyasi şərhçi qeyd edib ki, baş verən proseslərdə biz həm də qlobal medianın mənfur rolunun şahidi oluruq:

“Onlar isteriyanı təbliğ edir, ictimai fikrə mənfi təsir edirlər. İnsanlar gərək hər bir halda öz məntiqinə söykənməli, istinad etməlidir. Çünki birincisi, münaqişə olan yerdə hər iki tərəfin səhvi və doğrusu olur. Bu proseslərdə səhvlərin əsas hissəsi Qərbin üzərinə düşür. Çünki Qərbə insan faciəsi təsir göstərmir, yalnız məqsədlərinə çatmağı planlayır. Məqsəd isə Rusiyanın sərhədlərinə qədər gəlib çıxmaq və strateji raketlərini orada yerləşdirməkdir. Ukraynanı isə bu məqsədlə istifadə edirlər. Əvvəlcə Ukraynanı Rusiyadan ayırmaqla onların bütün iqtisadi əlaqələrini çökdürdülər. Qərb ikili standartları ilə iki qardaş ölkənin arasında nifaq saldı, onların iqtisadi münasibətlərini çökdürdü və Ukrayna xalqı Rusiya bazarından əldə etdiyi mənfəətlərdən də oldu. Artıq iki xalq arasındakı münasibətləri, vətəndaş cəmiyyətləri arasında qırılan telləri bərpa etmək çox çətin olacaq. Çünki müharibə hər zaman özü ilə qan-qada gətirir və heç kəs heç kəsə bunu keçmir. Bu iki slavyan xalqın faciəsi bundan ibarətdir. Bunun da günahı birbaşa Qərbin üzərinə düşür. İki ölkə arasında baş tutan danışıqlardan qızışdırıcı qüvvələri təcrid etmək lazımdır”.

Siyasi analitikin sözlərinə görə hərkəsə məlumdur ki, Zelenski güclü siyasətçi deyil, o peşəkar şoumendir:

“Sadəcə rolunu yaxşı oynayır. Lakin öz xalqını belə bir qanlı müharibəyə sürükləyən hakimiyyət xalq qarşısında cavab verməli olacaq. Onun arxasında duran kuklaları yeridən şəxslər bu proseslərdə cavab verməlidir. Vəziyyəti belə yerə gətirib çıxartmaq olmazdı”.

//Gülnarə Abasova, Editor.az