Rusiya-Ukrayna müharibəsində son vəziyyət: “Baxmut əsas dönüş nöqtəsi deyil”backend

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: “Baxmut əsas dönüş nöqtəsi deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soledardan sonra Ukrayna daha bir strateji ərazisini itirməklə üzləşib. Son 6 ayda Ukrayna cəbhəsində ən ağır döyüşlər Baxmut istiqamətində gedir. Doğrudur, ruslar böyük itkilər verirlər, amma bu istiqamətdə də irəliləyən tərəf şimal qonşularımızdır. Ukrayna rəhbərliyinin də Baxmutla bağlı verdikləri son açıqlamalar artıq bu ərazinin itkisi ilə barışmaq üzrə olduqlarını göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.

Onun sözlərinə görə, günlər öncə Ukrayna prezidenti Baxmudu çox da önəmi olmayan ərazi adlandırıb:

“Halbuki, bu ərazinin strateji önəmi hər kəsə bəllidir. Orada həm dəmir, həm də quru yolu var. Təsadüfi deyil ki, Baxmuda dördyol da deyirlər. Təminat baxımından da Rusiya və Ukrayna üçün bu ərazi mühümdür. Onun üçün də tərəflər son yarım ildə Baxmut uğrunda minlərlə itkilər veriblər. Sadəcə Zelenskinin sözləri ictimaiyyəti Baxmudun itkisinə indidən hazırlamağa yönəlib. Doğrudur, Ukrayna tərəfi geri çəkilməməkdə bu günə qədər israrlı görünürdü. Amma artıq Ukrayna rəhbərliyi arasında Baxmutla bağlı fikir ayrılığı yaranıb. Bir neçə gün öncə Zelenski ilə baş komandan Valeriy Zalujnı arasında Baxmudun taleyi ilə ortaya çıxan xəbər çox mətləblərin üstünü açdı. Məlum oldu ki, Zalujni Ukrayna rəhbərini Baxmutdan silahlı qüvvələrin geri çəkilməsi üçün israr etməyə çalışır. Orada döyüşən hərbçilər də ərazidən çəkilməyin tərəfdarı kimi görünürlər. Bu barədə də xəbərlərə mətbuatda ara-sıra rast gəlirik. Bir sözlə artıq oranı qorumaq mümkünsüzə çevirilməkdədir. Rusiya tərəfi canlı qüvvə cəhətdən daha çox döyüşçü ilə ora hücumlar edir. Bəzi məlumata görə, həyatını itirən 5-6 rus hərbiçisinin qarşılığında Ukrayna 1-2 hərbçisini itirir”.

Siyasi şərhçi Baxmudun müharibənin taleyində əsas dönüş nöqtəsi olacağına inanmır:

“Doğrudur, Ukrayna üçün hazırda itirilən hər bir ərazi psixoloji baxımından ruh yüksəkliyinin aşağı düşməsinə səbəb olur. Amma Baxmudun təslim edilməsinin müharibənin taleyində ciddi rol oynacağını düşünmürəm. Çünki bundan öncə Ukraynanın ən böyük duz yatağının yerləşdiyi, Baxmuddan qat-qat böyük ərazi olan Soledar itirildi. Nə dəyişdi? Müharibə bitdimi? Hazırda Ukraynanın 3/1-i işğal altındadır. Amma döyüşlər gedir. Sadəcə ərazilərin itirilməsi cəbhədə ruh yüksəkliyinin sağ-sola keçməsinə səbəb olur. Necə ki, aylar öncə Xersonda bir sıra əraziləri Ukrayna hərbçiləri geri qaytaranda bunun şahidi olduq. Bu cür hallar bundan sonra da çox davam edəcək. Çünki böyük bir müharibə gedir. Ukrayna itirilmiş ərazilərini geri qaytarmaq üçün hücumlar edir, qəhrəmanlıq göstərir, bir sıra hallarda ərazilər azad edir, bir sıra hallarda da ərazilərini itirir. Hazırda Rusiya Ukraynada “Pirr qələbəsi” qazanan tərəfdir, yəni “məğlubiyyətə bərabər qələbə”. Kral Pirin bu cür qələbələrlə sonda taleyinin necə olduğu məlumdur… Maraqlıdır, şimal qonşumuzu və onu rəhbərini gələcəkdə hansı tale gözləyir…”

//Safura Bənnayeva, Editor.az