Rusiya-Ukrayna müharibəsində son vəziyyət: “Hücumun ləngiməsinin əsas səbəbi…”-Qabil Hüseynli ilə MÜSAHİBƏbackend

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: “Hücumun ləngiməsinin əsas səbəbi…”-Qabil Hüseynli ilə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Qabil Hüseynli ilə müsahibəsini təqdim edir:

-Qabil bəy, uzun müddətdir ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Qış aylarının Rusiya üçün əhəmiyyətli olacağı düşünülürdü, lakin gözlənilən nəticə əldə edilmədi. İndi isə aylardır Ukraynanın geniş əks-hücumu ilə bağlı proqnozlar verilsə də hələ də başlanılmayıb. Sizcə bunun səbəbi nədir?

-Ukrayna ordusu şəxsi heyət baxımından əks-hücumun başlanmasına hazır vəziyyətdədir. Amma müxtəlif silahlarla təminatı tam həyata keçirilməyib. Verilməsi nəzərdə tutulan silahların 80%-i verilib. Bunlara artilleriya silahları, minamyotlar, “Himars” tipli daha uzaq 140 km məsafəni vuran yayılım atəşli raket silahları da daxildir. Bu silahlar Ukraynaya verilməyə başlasa da lazımi qədər deyil. Onu da qeyd edim ki, “Himars” tipli silahlar xüsusilə Krımı Rusiya ilə birləşdirən körpünün vurulmasında çox önəmli rol oynayacaq. Bu silah növü Rusiya ordusunun arxa cəbhəsi ilə əlaqəni pozmağa, təchizat sistemini sıradan çıxartmaqda böyük əhəmiyyətə malikdir. Hücumun ləngiməsinin səbəbi də hərbi hava qüvvələrinin hələ tam təmin edilməməsidir.

– Hərbi hava qüvvələrinin təminatına toxunmuşkən, günlərdir Ukraynaya “F-16” qırıcılarının tədarük edilməsi, pilotların təlim keçməsi istiqamətində də müzakirələr aparılır. Sizcə, bu təyyarələr həqiqətən də effektiv rola malik olacaq?

-Doğrudur, “F-16” verilməsi müzakirəyə çıxarılır. Amma Abş yox, onun NATO üzrə müttəfiqləri bu silahları Ukraynaya ötürəcək. Ukraynaya nə qədər silah veriləcəyi Almaniyanın hərbi bazasında müzakirəyə çıxarılacaq. Bir daha qeyd edirəm ki, hücumu ləngidən yalnız “F-16” qırıcıların tədarükünün başlamaması və uzaqmənzilli “Himars” tipli silahların tam verilməməsindən qaynaqlanır. Digər parametrlərdə isə Ukrayna ordusu tam döyüşə hazırdır. Şəxsi heyət sayına, peşəkarlıq səviyyəsi və cəsarətinə görə, eyni zamand, hazırlıq səviyyəsi və motivasiya cəhətdən Rusiya ordusunu bir neçə dəfə qabaqlayır. Ona görə də “F-16″lar artıq ölkəyə daxil olmağa başladığı andan əks-hücum əməliyyatlarına başlaya bilərlər. Bunun üçün 10-12 gün vaxt lazımdır. Kiyev də həmin qırıcı təyyarələrdən istifadə üçün bir çox pilot təlimləri alıb.

– Müharibə başlayandan Ukraynaya irihəcmli yardımların verilməsi gündəmdədir. Lakin maraqlısı budur ki, bu yardımların qarşısında belə müharibə 1 ildən çoxdur davam edir. Ukraynada müharibənin getməsi, Rusiyanın zəifləməsi fonunda hələ də nəticənin əldə olunmaması kimə sərf edir?

-Rusiya kimi aqressiv, imperialist, beynəlxalq sülh üçün başlıca təhlükə olan, əli müxtəlif cinayətlərə bulaşmış dövləti Ukrayna ərazilərindən vurub çıxartmaq, onun qüdrətini sarsıtmaq niyyəti güdülür. Bunu heç kim gizlətmir. Çünki rəsmi Moskva mövcud vəziyyətində qalarsa, yenə də dünya üçün təhdid mənbəyi olacaq. NATO, kollektiv Qərb düzgün hərəkət edir. Rusiya qlobal dünya, qonşuları və bölgə üçün daima təhlükə əxz edən bir dövlətdir. Belə böyük dövlətin lap rəhbəri dəyişsə də yeni rəhbər də mütləq avtoritar, totalitar tipli yaxud da hərbi diktator olacaq. Ona görə də Rusiyaya qarşı aparılan əməliyyatların ana xəttini əgər Ukrayna ərazilərin azad edilməsi təşkil edirsə, bunun digər hissəsini Rusiyanın tam zəiflədilməsi, bir neçə dövlətə parçalanması ideyası dayanır. Bu, rəsmi Moskvanın imperialist idealarına əngəl yarada bilər.

//Safura Bənnayeva, Editor.az