Rusiya ilə Ukrayna arasında müharibənin 21-ci günü başa çatıb. Rusiya qoşunları Kiyevin mühasirəsini davam etdirir. Şəhərin şimal, qərb və şərq hissələrində şiddətli toqquşmalar gedir. Rusiya ordusu həftənin əvvəlindən şəhərətrafı ərazilərə bombalar yağdırır.
Editor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, dünən Kiyevdə bir binanın üzərinə qəlpə parçaları düşməsi nəticəsində iki nəfər yaralanıb. Kiyevdə əsasən mülki yaşayış məntəqələrini hədəf alan hücumlarda ən azı 10 nəfər həlak olub. Hər iki tərəfdən itkilərin sayı hər gün artır. Ukraynada xeyli əsgər və mülki vətəndaşın cəsədləri paltarları belə çıxarılmadan küçələrdə, binaların zirzəmilərində gözləyir.
Sirenlərin heç vaxt kəsilmədiyi Kiyevdə davamlı olaraq partlayış səsləri eşidilir. Mobil telefonlara hava hücumu xəbərdarlığı bildirişləri gəlir. Yaxınlıqda partlayış baş verərsə, insanlara “uzanın əllərinizlə başınızı örtün, sığınacaqlara gedin, qəzalı binalara girməyin” kimi SMS mesajları göndərilir.
Qeyd edək ki, Kiyev indiyədək 13.800 rus əsgərinin öldürüldüyünü açıqlayıb. Ukrayna Baş Prokurorluğu fevralın 24-dən martın 15-dək Rusiya ordusunun hücumları nəticəsində 107 uşağın da öldüyünü bildirib.

//Gülnarə Abasova, Editor.az

