“Rusiya-Ukrayna müharibəsinin Avropaya yayılması istisna deyil”-ŞƏRHbackend

“Rusiya-Ukrayna müharibəsinin Avropaya yayılması istisna deyil”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin birinci ili tamam oldu. Verilən çoxsaylı dəstəklərə, görülən tədbirlərə baxmayaraq hər iki tərəfdə yekun nəticə yoxdur.

Britaniyanın müdafiə naziri Ben Uolles isə müharibənin Avropaya da yayılacağı ilə bağlı xəbərdarlıq edib.  Bu hal ehtimal olunur?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən siyasi analitik Kənan Novruzov bildirib ki,  Rusiya-Ukrayna müharibəsinin Avropaya yayılması mümkündür:

“Xüsusilə Polşa ərazisinə Rusiyanın hücumu olarsa, müharibə Qərbi Avropaya da sirayət edə bilər. Müharibənin uzanmasının Qərbin maraqlarına uyğun olduğunu nəzərə alsaq deyə bilərik ki, ABŞ və müttəfiqləri istəsə Ukraynadan başqa “qurban” da tapa bilərlər. Yaxın vaxtlarda müharibənin genişlənəcəyini düşünmürəm. Hər nə qədər istisna edilməsə də Rusiya belə bir addım atmaz.  Rəsmi Moskva mümkün qədər soyuqqanlı düşünməyə məcburdur və yaxşı bilir ki, ikinci bataqlıq onun məhvinə səbəb ola bilər”.

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna Krımla bağlı optimist açıqlamalarını çoxaldıb:

“Açıqlamalarda Krımın azad olması, 1991-ci il sənədlərinin bərpa edilməsi və digər məsələlər haqqında məlumatlar verilir. Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Krımın Sivastopol şəhərində artıq Ukrayna bayrağı sancılıb. Lakin Ukrayna rəsmiləri buna münasibət bildirmədi. Ona görə də bu kimi məlumatların informasiya müharibəsinin tərkib hissəsi olması da mümkündür. Ukraynaya tezliklə hərbi yardım, tanklar,xüsusi silahlar tədarük edilməlidir. Qarşıdakı ayların həlledici olması gözlənilir. Bu faktorları nəzərə alsaq deyə bilərik ki, yaxın həftələrdə döyüşlərin Krım ərazisinə keçəcəyi gözləniləndir. Belə olarsa, Ukrayna çox ciddi itkilər verəcək. Çünki təxminən 10 il müddətində Rusiya Krımda güclənib və ciddi istehkamlar qurub. Onu da qeyd edim ki, Rusiya hərbi elitasında da çaxnaşma var. Prezident Vladimir Putin ilə generallar arasında və milli ordu ilə Vaqner muzdlu təşkilatı arasında çaxnaşma var. Bu da döyüş meydanındakı uğursuzluqların əsas səbəbidir”.

//Safura Bənnayeva, Editor.az