Rusiya-Ukrayna müharibəsinin dayanmasına NƏLƏR SƏBƏB OLA BİLƏR?- Tofiq Abbasovdan maraqlı AÇIQLAMAbackend

Rusiya-Ukrayna müharibəsinin dayanmasına NƏLƏR SƏBƏB OLA BİLƏR?- Tofiq Abbasovdan maraqlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi münaqişə tərəflərini aprelin 21-dən Pasxa bayramı ilə əlaqədar 4 günlük atəşkəsə çağırıb. Onun sözlərinə görə, atəşkəs Ukraynada hərbi əməliyyatların əhatə etdiyi ərazilərdən daha çox mülki vətəndaşın təxliyə edilməsinə, humanitar təşkilatların isə zərərçəkənlərə yardım göstərməsinə imkan verəcək. Ukrayna bu təkliflə razılaşıb, Rusiya isə imtina edib.Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa “Twitter” səhifəsində məlumat paylaşıb və bildirib ki,Rusiya Birləşmiş Millətlər Təşkilatının ( BMT) baş katibi Antoniu Quterreşin Ukraynada “Pasxa humanitar pauzası” tətbiq etmək təklifini rədd edib.

Politoloq Tofiq Abbasov Editor.az-a Rusiyanın bu təkliflə razılaşmamasının səbəblərinə aydınlıq gətirib:

” Əvvəla bu hərbi kampaniyanı başladan Rusiyanın özüdür. Digər tərəfdən atəşkəslə bağlı təklif Qərbdən gəlirsə, Rusiya birmənalı olaraq bunu rədd edəcək. Çünki baxmayaraq ki, BMT-nin rəhbəri Qərbi təmsil etmir və BMT dünyada ən nüfuzlu beynəlxalq təşkilatdır, ancaq bu təşkilat Amerika siyasətinin təsiri altındadır. Uzun müddətdir ki, bu tendesiya qüvvədir. Biz bir çox BMT rəhbərlərinin dövründə də bu təşkilatın ABŞ siyasətinə meyilli olduğunun şahidi olmuşuq. İndi də Antoniu Quterreş bu ənənəni davam etdirir. Həm də BMT-nin ən böyük maliyyə payı ayıran məmləkəti ABŞ-dır. Bu zəmində də BMT-nin işlək qurumları ilk növbədə Amerikanın mövqeyini  nəzərə alırlar, daha sonra isə digər ölkələrin təkliflərini nəzərdən keçirirlər. Rusiyanın Ukrayna hücumu bir neçə dəfə boğulub və Rusiya buna görə də arxa cəbhədə öz imkanlarını qruplaşdırır, yeni-yeni qüvvələr cəlb edir. İndiki hərbi kampaniya əsnasında Rusiyanın dünyadakı nüfuzu, prestiji nəzərdən keçirilir. Bir halda ki Ukrayna Silahlı Qüvvələri rus qoşunlarına tutarlı müqavimət göstərə bilirlərsə, bu fonda Rusiyanın siyasi zəmində problemlərinin yaranacağı gözlənilən idi. Məlumdur ki,  Rusiya həm də 5 Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Gündəmdə olan məsələlərdən biri də Rusiyanı bu beşlikdən çıxartmaqdır. Rəsmi Kreml bu proseslərə heç bir məhəl qoymasa da onlardan ibrət götürür. Çünki Rusiyanın adı işlək bir mexanizm olduğu üçün bir çox dövlətlər ondan çəkinirdilər. Rusiya nüvə arsenalının həcmi və imkanlarına görə dünyada birinci yerdədir. Pentaqon silahları ən müasir texnologiyalarla hazırlansa da nüvə başlıqlarının sayı və keyfiyyəti  baxımından Rusiyanın imkanları ABŞ-ı üstələyir. Dünən Rusiya Federasiyası yeni ballistik raketin sınağını keçirdi. Bu sınaq çox uğurla keçib. Ölkənin qərbindən ta şərqinə qədər hədəflər vurulub. İlk növbədə, buna Pentaqondan sərt və mənfi açıqlama gəldi. Odur ki, indi Ukraynada gedən müharibə Rusiya ordusunun planlaşdırdığı kimi getməsə də görünür ki, proses inkişaf etdikcə Rusiyanın Silahlı Qüvvələri və Hərbi Komandanlığı bu işlərdə müxtəlif vasitələri və gedişləri istifadə edir ki, üstünlüyü təmin etsin. İndiki zəmində əgər  hərbi əməliyyatlara 3-4 günlük ara verilərsə, bu sabitlikdən ilk növbədə Qərb istifadə edərək  Ukrayna Ordusuna yeni silahlar ötürəcək. Rusiya da bunu başa düşür. Bu səbəbdən rəsmi Moskva çalışır ki, hərbi əməliyyatların gedişində heç bir fasilə olmasın, imkan dairəsində hücumlar nəticə versin”.

T. Abbasov Rusiya-Ukrayna arasında diplomatik gedişlərin heç bir səmərə vermədiyini diqqətə çəkib:

“Rusiyanın tərəfində olan və ona qarşı çıxan qüvvələr  olmaqla dünya iki düşərgəyə ayrılıb. Artıq uzun zamandır ki, qüvvədə olan ənənə yenə də öz təsirini göstərir. Münaqişələr çox yüngül başlayırsa, sonradan qarşını almaq çox çətin olur. Rusiya-Ukrayna  müharibəsində də biz bunun şahidi olduq. İndiki məqamda hərkəsə ən maraqlı olan sual odur ki, ” bu proseslər hansı həddə qədər gedə bilər və müharibənin dayanmasına nə səbəb ola bilər?” Burada bir neçə versiya var. İlk növbədə bu zəmində qərarı ancaq Rusiya özü verə bilər, çünki hərbi əməliyyatları başladan odur. Digər tərəfdən əgər bu hərbi kampaniyanın daxilində hər hansı bir gözlənilməz dönüş baş verərsə, o halda tərəflər razılığa gələ və atəşkəs elan edilə bilər. Amma hələ ki, belə bir şey gözlənilmir. Hesab edirəm ki, humanitar problemlərin daha da kəskinləşməsi belə tərəfləri əsasən də Rusiyanı maraqlandırmır. Humanitar dəhlizlər yaradılsa da bunun da səmərəsi gözə çarpacaq dərəcədə deyil. Odur ki, indiki məqamda neytral mövqedən çıxış edən tərəflər məhz Qərbdə  fəaliyyət göstərən humanitar təşkilatla, siyasi institutlar öz güclərini səfərbər etməlidir ki, Rusiyaya yumuşaq təsir göstərsinlər və o, hücum əzmindən bir qədər geri çəkilsin. Hesab edirəm ki, diplomatiya belə bir imkanlara malikdir və həqiqətən güclü istəklər, cəhdlər olarsa buna nail olmaq mümkündür”.

//Gülnarə Abasova, Editor.az