Rusiya müxtəlif silah növlərindən istifadə edərək hücuma keçməklə, Ukraynaya qarşı döyüş taktikasını dəyişib.
Editor.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Vadim Skibitski çıxış edib.
Skibitskinin sözlərinə görə, düşmən İranın İHA-larından, köhnə tipli raketlərdən, dəqiq idarə olunan ballistik raketlərdən və müxtəlif konfiqurasiyalarda yenidən dizayn edilmiş S-300 raketlərindən istifadə edərək taktikasını dəyişməyə başlayıb.
“Biz iqtisadi sanksiyaların Rusiya Federasiyasına təsirini görürük. Onlar sanksiyalardan yan keçməyə, komponentləri idxal etməyə çalışırlar, lakin bunu etmk o qədər də asan deyil”, – Baş Kəşfiyyat İdarəsinin rəsmisi bildirib.
O qeyd edib ki, hazırda ruslar “İsgəndər” ballistik raketlərində çatışmazlıq yaşayır, “Kalibr”in ehtiyatları sona yaxınlaşır, havadan buraxılan Kh-101, Kh-555 qanadlı raketlərinin sayı azalır.
Vadim Skibitskinin sözlərinə görə, Rusiya yüksək dəqiqlikli silahlardan maksimum 2-3 güclü zərbə endirməyə qadirdir. O, həmçinin əlavə edib ki, düşmən MLRS çatışmazlığı yaşamağa başlayıb.
“Əgər biz qurudan danışırıqsa, bu, ilk növbədə MLRS Smerç, Uragan və hətta 122 mm, 152 mm kalibrli artilleriya mərmiləridir. Onlar onu Belarusdan gətiriblər və ehtiyatlar tapmaq üçün digər ölkələrlə çox fəal işləyirlər”, – Skibitski bildirib.
O vurğulayıb ki, bununla belə Rusiyada raket istehsalı dayanmır: “Biz indi 2022-ci ilin dördüncü rübündə hazırlanmış raketlərin fraqmentlərini tapırıq. Bu o deməkdir ki, onlar istehsal olunur və obyektlərimizi atəşə tutmaq üçün dərhal qoşunlara verilir”.
//Samir Qurbanov, Editor.az

