Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı apardıqlarını təsdiqləyib.
Bu barədə VGTRK jurnalisti Pavel Zarubin məlumat verib: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mənə təsdiq etdi ki, Rusiya və ABŞ prezidentləri hazırda danışırlar”, – deyə Zarubin Telegram kanalında yazıb. Saat 18:20 radələrində ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə söhbətə başladığını açıqlayıb. Söhbətin “uzun olacağı” barədə xəbərdar edib: “Axios” mənbəyə istinadən xəbər verir ki, prezidentlər Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən əvvəl Ukrayna münaqişəsini müzakirə etməyi planlaşdırıblar. Ukrayna lideri oktyabrın 17-də cənab Trampla söhbət etmək üçün Vaşinqtona gələcək.
ABŞ prezidenti bildirib ki, ukraynalı həmkarı silah təchizatı, o cümlədən “Tomaqavk” qanadlı raketləri ilə bağlı müzakirələr aparmağı planlaşdırır. Ukrayna prezidenti ümid etdiyini bildirib ki, görüşün çox məzmunlu olacağı və Ukraynadakı münaqişəyə son qoyulmasını daha da yaxınlaşdıra bilər.
Donald Tramp həmçinin bildirib ki, Ukrayna rəhbərliyinin hücuma başlamaq planlarından xəbərdardır. İclasda məsələnin müzakirə olunacağı gözlənilir. “Politico” yüksək rütbəli ukraynalı rəsmiyə istinadən yazıb ki, Ukrayna əks-hücum əməliyyatına başlamaq üçün lazım olan silah tədarükü ilə bağlı danışıqlar aparmağa ümid edir.
//Samir Qurbanov, Editor.az

