“Rusiya və erməni separatçıları çalışır ki, dünya ictimaiyyətinə “qondarma dövləti” tanıtsınlar”-Tural Abbaslı ilə MÜSAHİBƏbackend

“Rusiya və erməni separatçıları çalışır ki, dünya ictimaiyyətinə “qondarma dövləti” tanıtsınlar”-Tural Abbaslı ilə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az AĞ Partiya başqanı Tural Abbaslı ilə müsahibəni təqdim edir:

-Tural bəy, separatçı rejimin  “prezident”i Arayik Artunyan Qarabağda “yeni vəziyyət” yarandığını qeyd edir və bunun üçün “seçkilərin” keçirilməsini vacib bilir. Bu “yeni vəziyyət, “yeni reallıq”la Ermənistan nəyə cəhd edir?

-Ermənistan prosesin uzanmasının tərəfdarıdır. Çünki İrəvan müharibədən sonra öz gücünü itirib. Artıq iddiaları ilə gücü düz mütənasib deyil. Yəni böyük iddialarını icra edəcək nə iqtisadi, nə siyasi, nə də hərbi gücü yoxdur. Ona görə də zaman qazanmaq istəyir. Qarabağın taleyinin gələcəyə saxlanılması, indi müzakirə olunmamasında maraqlıdır. Hazırda Ermənistan vəziyyətin dondurulmuş formada qalmasına cəhd edir ki,  güc toplayandan və dünyada geosiyasi vəziyyət onların xeyirinə dəyişəndən sonra yenidən köhnə iddialara qayıda bilsinlər. Ona görə də Azərbaycanla sülh müqaviləsi imzalamır, Qarabağın taleyinin həll olunmasına maneə törədirlər. Hamıya məlumdur ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu heç cürə müzakirə məsələsi belə deyil.

-Bəs, Azərbaycan torpağı olan Xankəndidə separatçıların keçirdikləri “seçkilər”? Ümumiyyətlə, Arayik Artunyan və Ruben Vardanyanın bu addımları nəyə hesablanıb?

-Erməni separatçıları faktiki Rusiya sülhməramlılarının orada yerləşməsindən istifadə edərək Azərbaycanın nəzarəti altında olmayan bölgə yaradıblar. Burada da özünü “dövlət katibi”, ” prezident”elan edən terrorçular var. Onlar da müxtəlif zamanlarda fərqli bəyanatlar verirlər. Bununla da dünya ictimaiyyətinin beyninə özlərini hüquqi subyekt kimi yeritmək istəyirlər. “Seçki, hakimiyyət, iqtidar” dövlətə və dövlətçiliyə aid olan terminlərdir. Seçkilərin keçirilməsi, parlament, prezident, polis və digər bu kimi ifadələr dövlət strukturuna aid subyektlərin “Arsax” adlı terror təşkilatı ilə eyni cümlədə səsləndirilməsi onların marağındadır. Çalışırlar ki, dünya ictimaiyyətinin fikrində burada bir “dövlətin” və onun qayda-qanunlarının, strukturunun olduğu barədə rəy yaratsınlar. Sonra da buna istinadən separatçı addımlar ata bilsinlər. Rusiya da elə buna çalışır.

– Rəsmi Moskvanın bir tərəfdən Ukrayna ilə apardığı müharibədə düşdüyü çətin vəziyyəti də nəzərə alsaq, deyə bilərik ki, son ümidi Cənubi Qafqazda mövcudluğunu saxlamaqdır. Ruben Vardanyanın Kremldən göstəriş alaraq bu kimi addımlar atdığı da iddia olunur. Prosesləri necə dəyərləndirirsiniz?

-Putin dəfələrlə qeyd edib ki, Qarabağ ərazisinin statusu gələcək nəsillərə buraxılmalıdır. Bu da bayaq səsləndirdiyim fikrə xidmət edir ki,  gələcəkdə burada hansısa separatçı addımlar atılsın. Azərbaycan prezidenti İlham Əliyev son Moskva görüşündə də  konkret olaraq Putinin o fikrinə qarşı bildirdi ki, bizim üçün Qarabağ məsələsi həll olunub, bitib və müzakirə mövzusu deyil.  Buna görə də biz qətiyyən öz ərazilərimizdə belə məzhəkələrə yol verməməliyik. Əgər Azərbaycan ərazisində hansısa uydurma terrorçu rejimin “seçkiləri” olarsa, biz ona müdaxilə edəcəyik. Öz torpaqlarımızda hər hansı dövlətə aid subyektlərin uydurulmasının qarşısını alacağıq. Azərbaycanın bir parlamenti, bir seçki strukturu, bir prezidenti və bir müdafiə naziri var. Qalan hamısı uydurma, Azərbaycan Konstitusiyasının əleyhinə olan addımlardır. Seçki adı altında hər hansı oyun keçirilərsə, Azərbaycan Silahlı Qüvvələri buna layiqli cavab verəcək”.

//Safura Bənnayeva, Editor.az