“ABŞ və Qərb Cənubi Qafqazda hərbi əməliyyatların bərpa olunmasında maraqlı deyil. Əksinə, bu, hazırda Rusiya üçün daha sərfəli variant kimi görünür. Çünki sülh prosesinin pozulması və hərbi-siyasi gərginliyin ən yüksək səviyyədə olması Rusiyanın regiondakı mövqelərini möhkəmləndirə biləcək əsas faktorların sırasına daxildir”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan generaliteti Kremlin nəzarəti altındadır:
“Rusiya Ermənistan ordusunu hər an yeni hərbi təxribatlara yönəltmək imkanındadır.
Bütün bunları nəzərə aldıqda, Rusiya və Ermənistanın ortaq şəkildə növbəti hərbi təxribatlara əl ata biləcəkləri qətiyyən istisna deyil. Ona görə də, Azərbaycan ordusunun daim hazır vəziyyətdə olması vacibdir. Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti də artıq anlayır ki, Ermənistanın özündən qat-qat güclü Azərbaycanla yeni müharibədə müdafiə olunmaq şansı yoxdur. Rəsmi İrəvan daha çox Avropa Birliyinin mülki müşahidə missiyasının arxasında gizlənərək, hərbi təxribatlar törətməyə çalışırdı. Ancaq son hərbi toqquşmalar göstərdi ki, ABŞ və Qərb, o cümlədən də, Avropa Birliyi missiyası Ermənistanı Azərbaycanın “dəmir yumruğu”ndan qoruya bilmir. Hətta belə bir niyyətin olmadığı da açıq-aşkar nəzərə çarpır. Ona görə də rəsmi İrəvan bundan sonra daha diqqətli və ehtiyatlı olmalıdır. Əks halda, növbəti hərbi toqquşmalar genişmiqyaslı əməliyyatlara çevrilə bilər. Bu halda isə ümumiyyətlə, Ermənistan adlı qondarma dövlətin mövcudluğunun ciddi risk altına düşə biləcəyi qətiyyən istisna deyil”.
//Gülnarə Abasova, Editor.az

