Rusiya-İran prezidentlərinin görüşü: Nələr müzakirə ediləcək?-AÇIQLAMAbackend

Rusiya-İran prezidentlərinin görüşü: Nələr müzakirə ediləcək?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İran prezidentlərinin görüşü olacaq. Bu barədə Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi brifinqdə məlumat verib.

“Tezliklə İran Prezidenti İbrahim Rəisi ilə Rusiya Prezidenti Vladimir Putin bir araya gələcək”, – İran XİN başçısı əlavə edib.

Qeyd edək ki, nazirlər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

 İran-Rusiya prezidentləri arasında baş tutacaq görüşü Editor.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, İran xarici işlər nazirinin Moskva səfərinin arxasında bir sıra məqamlar durur:

” Son dövrlər regionda baş verən proseslər əsasən Türkiyə, Azərbaycan və Ermənistan üzərindən cərəyan edir. İranın da əsas qorxu və hədəfi bu üç ölkə ilə bağlıdır. Moskva səfərinin arxasında da məhz bu proseslər durur. Azərbaycanla Ermənistanın razılığa gəlməsi məsələsi gündəmdədir və bununla bağlı Paşinyandan artıq ciddi siqnallar gəlməyə başlayıb. Nəticədə İranın narahatçılığı artır. Baş verən proseslərin nəticəsində iki ehtimal irəli sürmək olur.  Rusiyanın təhriki ilə İranın süni ajotaj yaratması və ya İranın öz iradəsi ilə Azərbaycana qarşı yürütdüyü çirkin siyasət.  İran XİN başçısının Moskvaya səfərində məqsəd Rusiyadan dəstək almaq idi. Lakin Rusiya İranın sözü ilə hərəkət etməyəcək. Çünki Rusiya regionda reallıqlarla barışıb ona uyğun addım atır və heç bir halda Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir. İranın məqsədi isə Cənubi Qafqazda reallaşacaq bir çox layihələrin həyata keçməsini ləngitməkdir”.

Siyasi analitik bildirib ki, Rusiya və İran prezidentlərinin görüşündə bir çox istiqamətlər üzrə müzakirələr aparılacaq:

” Baş tutacaq görüşdə Rusiya və İran arasında siyasi, iqtisadi əlaqələr və regional məsələlərdən əsasən Suriya və Əfqanıstanda baş verənlər müzakirə ediləcək. Çünki hər iki dövlətdə Rusiya və İranın maraqları var.  Əsas görüş mövzusu isə Cənubi Qafqazda baş verən proseslərlə bağlı olacaq. Çünki İran İkinci Qarabağ savaşından sonra oyundan kənarda saxlanıldı. Bu isə İranın daxili siyasi elitasında böyük narazılıqlara səbəb olub. İranın kənarda qalması isə onu qıcıqlandırır, ona görə də Rusiya ilə razılığa gələrək proseslərə qoşulmağa çalışır”.

Siyasi şərhçi bildirib ki, İran regionda Zəngəzur dəhlizinin açılmasını istəmir:

” Azərbaycan- Türkiyə əlaqələri Naxçıvan üzərindən İran vasitəsilə həyata keçirilir. Bu İrana xeyli gəlir gətirirdi. Artıq Zəngəzur koridorunun açılması  iqtisadi gəlir baxımından ona sərf etmir. Bu həm də İranın Ermənistanla əlaqələrinin də kəsilməsi deməkdir. Düşünürəm ki , İran Prezidenti bu məsələlərlə əlaqədar Rusiya Prezidenti ilə görüşmək istəyir”.

//Gülnarə Abasova, Editor.az