Rusiya və İranın birgə oyunu: “Onları qıcıqlandıran səbəblərdən biri də budur”-AÇIQLAMAbackend

Rusiya və İranın birgə oyunu: “Onları qıcıqlandıran səbəblərdən biri də budur”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Rus sülhməramlıları Qarabağa gəldikləri gündən “sülhməramlılıq” missiyasına tamamilə zidd fəaliyyət göstəriblər. Sülhməramlılar bölgəyə təhlükəsizliyin təmin olunması, sabitliyin yaradılması məqsədilə gəlsələr də, atdıqları addımlar əksini göstərir. Onlar yalnız Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına xidmət edirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, bildirib ki, Rusiya Ermənistanın 10 noyabr və 11 yanvar üçtərəfli bəyannamələrinin öhdəliklərini yerinə yetirməsini ləngitməkdə maraqlıdır:

” Baş verən proseslərdə birbaşa Rusiyanın əli var. Rusiyanın bölgədə atdığı addımların əsas məqsədi baş verən prosesləri öz nəzarətində saxlamaqdır. Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur və bu sərhədi İran vasitəsilə təmin etməyə çalışır. Şübhəsiz ki, İrandan rus “sülhməramlı”larının nəzarət etdiyi ərazilərə erməni separatçılarına dəstək üçün göndərilən yardımların arasında Rusiyaya aid silah- sursat da mövcuddur. İran sözdə Azərbaycana qarşı dostluq münasibətləri göstərsə də, atdığı addımlar Azərbaycanın əleyhinədir. Bu açıq şəkildə bəllidir. Əgər İran bu cür addımlardan əl çəkməsə Azərbaycan İsraildə səfirlik açmaq məsələsini ortaya qoymalı və İrana açıq şəkildə göstərməlidir ki, İran necə Azərbaycanın xarici siyasətinə zidd addımlar atırsa, Azərbaycan da eynisini edə bilər”.

Politoloqun sözlərinə görə İran Ermənistanı dəstəkləməklə Türkiyənin regionda möhkəmlənməsini qısqandığını göstərir:

“Bu, Xəzərdə Azərbaycanın Türkiyə ilə birlikdə keçirdiyi hərbi təlimlərə İranın verdiyi reaksiyadan da bəlli olur. İran və Rusiya bir-birinə qarşı zidd siyasi xətt tutsalar da, lakin zaman-zaman bəzi məsələlərdə İran və Rusiya ortaq addımlar ata bilir. Bunlardan biri də Qarabağ məsələsində tutduqları mövqedir. İranın ikiüzlü siyasətinin əsas məqsədi bölgədə öz varlığını qoruyub saxlamaqdır. Lakin İranın boş bəyanatları mövcud situasiyanı dəyişə bilməyəcək. İran artıq 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə əsasən baş verən proseslərdən kənarda qalıb. Əslində İranı qıcıqlandıran səbəblərdən biri də budur. Getdikcə güclənən Azərbaycan-Türkiyə-Pakistan əlaqələri artıq İranı Cənubi Qafqazda baş verənlərdən kənarda qoyacaq. Ermənistan isə tezliklə İran və Rusiya ilə əlaqələrini zəiflədərək qərbə daha çox meyl edəcək. Bu isə İranın xarici siyasətinə böyük zərbədir. Azərbaycan İran və Rusiyaya qarşı daha qəti addımlar atmalıdır. O zaman onlar yaxşı başa düşəcək ki, regionda Azərbaycanla təhdid dilində danışmaq nələrə səbəb ola bilər”.

//Gülnarə Abasova, Editor.az