“Rusiya və Qərbin Cənubi Qafqaz uğrunda gedən gərgin mübarizəsi bütün müstəvilərdə özünü göstərir. Hətta Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında moderatorluq məsələsində də gündəmdədir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, bu mübarizədə Rusiya və Qərb bir-birilərini sıxışdırmağa çalışırlar:
“Əslində bu istiqamətdə Rusiyanın çox böyük boşluqları və günahı var. Kreml istəsə idi hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl problemin həllində öz sabitləşdirici rolunu reallaşdırardı. Lakin Moskva məsələdə bir qədər astagəllik etdi. Azərbaycan prezidenti İlham Əliyevin “status” məsələsinin gündəmdən düşdüyünü deməsinə baxmayaraq Rusiya aktuallaşdırıb gündəmə gətirməyə çalışdı. Hətta Qarabağda yaşayan erməni icmasına rəvac verdi ki, onlar müqavimət prosesindən dönməsinlər. Bu həm də Ermənistana bir mesaj idi ki, ölkəmizə təzyiqləri artırsın. Son Soçi görüşündə prezident İlham Əliyev bununla bağlı Vladimir Putinə öz şikayətini bildirmişdi. Moskvanın günahı çoxdur. Ruben Vardanyanın planı, status məsələsinə lazımsız müdaxiləsi onu göstərir ki, Rusiya bölgədə mövcudluğunu qoruyub saxlamağa və Azərbaycan-Ermənistan münasibətlərinə təsir etməyə çalışır. Bu dağıdıcı təsirdirsə, gərək Rusiya bundan əl çəksin. Çünki sərhədlərin yaxınlığında münaqişə ocaqlarının olması heç Rusiyanın da maraqlarına uyğun deyil”.
Politoloq Cənubi Qafqazda gedən proseslərdə “Qərbin oyunu”na da diqqət çəkib:
“Onlar Rusiyanı bölgədən sıxışdırıb çıxartmaq istədiklərini açıq şəkildə bəyan edirlər. Lakin bu addımların böyük perspektivi olacağını düşünmürəm. Əgər hər hansısa fövqəl qüvvə sağlam ruhla, aydın fikirlə vasitəçilik edəcəksə, ilk növbədə bilməlidir ki, bu proseslərin arxasında insanların, yeni nəsillərin taleyi dayanır. Azərbaycanlılar daima öz mənfur qonşuları ilə qarşıdurmada ola bilməzlər. Elə Ermənistan xalqı da öz rəhbərliyinin yarıtmaz siyasətindən yorulub, Azərbaycanla münaqişələrdən də bezib. 30 ilə yaxın müddətdə dözüb 44 gün ərzində ermənilərin layiqli cavabını vermişik. Lakin yenidən ermənilərin meydanı qızışdırdığını, çaxnaşma ocaqları yaratmaq istədiklərinin şahidi oluruq. Rusiya dövləti, rəsmiləri bilməlidir ki, onlar bir müttəfiq kimi Azərbaycana möhtacdır. 22 fevral 2022-ci ildə Rusiyanın təşəbbüsü ilə müttəfiqlik bəyannaməsi imzalanıb. Bununla da separatçılara qarşı Azərbaycanla birlikdə çalışmağı Rusiya öz üzərinə götürüb”.
//Safura Bənnayeva, Editor.az

