Almaniyanın xarici işlər naziri Annalena Barbok bildirib ki, Avropa dövlətləri Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını arzulayır.
Bununla belə, o, hesab edir ki, Rusiya Federasiyası və onun prezidenti Vladimir Putin Avropada sülh və təhlükəsizliyə əsas təhlükədir: “Rusiya hazırda Avropada bizə və dünyamıza ən böyük təhlükəsizlik təhdididir. Cəsarətli ukraynalılar isə onu hər gün qoruyurlar”.
Editor.az xəbər verir ki, bu barədə xanım Berbok X sosial şəbəkəsində yazıb. Ötən həftə Almaniyanın müdafiə naziri Boris Pistorius “Rusiyadan gələn çox real təhlükəni nəzərə alaraq” ölkənin 2025-ci il üçün hərbi büdcəsinin artırılmasını qeyri-kafi hesab edib. O, iddia edib ki, 2029-cu ilə qədər Rusiya NATO ölkələrinə hücum etmək üçün kifayət qədər resurs toplaya biləcək.
2023-cü ilin payızında Çexiya prezidenti Petr Pavel bəyan etdi ki, NATO Rusiyanı Avropa üçün bir nömrəli təhlükə hesab edir. Bu ilin yanvarında Alyansın baş katibi Yens Stoltenberq demişdi ki, o, Rusiya Federasiyasından birbaşa təhlükə görmür.
Fevral ayında “Bild” nəşri alman hakimiyyətinin gözlədiyi “Rusiyanın NATO-ya hücumunun mərhələlərini” dərc edib ki, bunlardan biri də rus qoşunlarının Almaniya ərazisinə daxil olmasıdır. Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə bəyan edib ki, Rusiya Federasiyası NATO-ya hücum etmək niyyətində deyil.
//Samir Qurbanov, Editor.az