Rusiya XİN nümayəndəsi Moskvanın Cənubi Qafqazla bağlı mövqeyini açıq- aşkar ortaya qoydu: sülh istəmirlər-TƏHLİLbackend

Rusiya XİN nümayəndəsi Moskvanın Cənubi Qafqazla bağlı mövqeyini açıq- aşkar ortaya qoydu: sülh istəmirlər-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir. O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək: “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir: “Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”. Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır. D. Qonçarın açıqlaması kifayət qədər maraqlıdır.

İlk növbədə onu deyək ki, Rusiya XİN nümayəndəsinin səsləndirdiyi fikirlər rəsmi Moskvanın Cənubi Qafqaz, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoydu. D.Qonçar açıq- aşkar bildirdi ki, Rusiya hələ sülh istəmir. Bu isə səbəbsiz deyil. Birincisi, Kreml vasitəçilik səylərinin fiaskoya uğradığını anlayır. Bunun ən bariz nümunəsi kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Moskva görüşünün nəticəsini göstərə bilərik. Həmin görüşdən faktiki olaraq heç bir nəticə əldə olunmadı.

İkincisi, hazırda Rusiyanın başı Ukraynadakı müharibəyə və Qərblə mübarizəyə qarışıb. Ona görə də Cənubi Qafqaz rəsmi Moskva üçün artıq ikinci, bəlkə də, üçüncü plana keçib.

Üçüncüsü, ABŞ və Avropa İttifaqı vasitəçilik məsələsində son zamanlar xüsusi fəallıq göstərir. Etiraf etmək lazımdır ki, bu səylərin nəticəsi də olur. Rusiyada başa düşürlər ki, sülhün Vaşinqton və ya Brüsseldə əldə olunması ehtimalı daha çoxdur. Moskva isə bunu istəmir. Elə də ona görə də prosesin uzanmasına maraq göstərir.

D. Qonçar səsləndirdiyi fikirlərlə, şübhəsiz ki, həm də ABŞ və Aİ-nin vasitəçiliyini qiymətləndirib. O, tərəflərə- Bakı və İrəvana demək istəyib ki, digər vasitəçilər öz işlərini uğurla yerinə yetirə bilməyiblər.Yəni, Rusiya XİN nümayəndəsi həm də manipulyasiya etməyə cəhd göstərib. Burada bir məqam var. Prinsip etibarilə tələsik sülh bizə də lazım deyil. Sülh müqaviləsi imzalanmazdan əvvəl bəzi ciddi addımlar atılmalıdır.

Məlumdur ki, Ermənistan 1994-cü ildə əldə olunmuş atəşkəsə əməl etməyib. Həmçinin 2020 və 2021- ci illərdə imzalanmış üçtərəfli sazişin də şərtləri yerinə yetirilməyib. Bu isə o deməkdir ki, İrəvanın ehtimal edilən sülh müqaviləsini də pozmayacağına dair bizdə zəmanət yoxdur. Odur ki, sülh müqaviləsi imzalanmadan əvvəl Zəngəzur dəhlizi açılmalı, sərhədlərin delimitasiya və demarkasiya məsələsi həllini tapmalıdır.

Ən vacib məsələ – Qarabağda terrorçuların mövcudluğu dayanıqlı sülh üçün ciddi təhdiddir. Deməli, sülh müqaviləsi imzalanmazdan əvvəl mütləq terrorçular ərazidən çıxarılmalı, xunta rejimi ləğv edilməlidir. Amma rusiyalı diplomatın bizi maraqlandıran bu məqamları nəzərə aldığını düşünmürəm. Adətən bizim qayğılarımız Rusiyanın maraqlandırmır. D. Qonçar sadəcə olaraq Rusiyanın “rəngini göstərdi”.

//Kənan Novruzov, Editor.az