Rusiya XİN-in nümayəndəsi Aleksey Zaytsev açıqlamasında bildirib ki, Bakı və İrəvanın tezliklə sülhə nail olmaqla bağlı siqnallar hələ tərəflərin istənilən şərtlərlə razılaşmağa hazır olduğunu göstərmir, yəni proses uzun müddət tələb edir. Bir müddət öncə, Rusiya XİN-in nümayəndəsi Denis Qonçar da oxşar açıqlama ilə çıxış etmişdi. Belə ki, sülh sazişinin qısa müddətdə imzalanmasının böyük faciələrə səbəb olacağını diqqətə çatdırmışdı.
Maraqlıdır ki, Rusiyanın məsələdə narahatlığının səbəbi nədir? Hansı məqsədlə vaxtın uzanmasını “məsləhət” görür?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Rusiya XİN-in təmsilçisi əslində bu açıqlaması ilə öz ölkəsini ifşa edib:

” Zatən artıq hər kəsə məlumdur ki, Rusiya Qarabağ danışıqlarında sülh sazişinin əldə olunmasına hər vəchlə mane olmağa çalışır. Hazırda dünyanın iki supergücü, yəni, Amerika və Rusiya arasında bu sülh danışıqlarında əsas söz sahibi olmaq uğrunda savaş gedir. Bu sıraya üçüncü həmsədr ölkə olan Fransanı da aid etmək olar. Kremlin sülhü istəmədiyi zatən əvvəlcədən məlum idi. Şimal qonşumuz ən azından sülh sazişinin ömrünü 2025-ci ilin noyabr ayına qədər, yəni Qarabağdakı rus sülhməramlılarının müddətlərinin başa çatdığı zaman qədər uzatmaq istəyir. Bununla hesab edir ki, Rusiya sülhməramlılarının vaxtını uzatmağa nail olacaq. Amma düşünürəm ki, bunlar xam xəyallardan başqa bir şey deyil. Ali Baş Komandanımız İlham Əliyevin bu barədə verdiyi açıqlamalar bunu deməyə əsas verir. Rusiya ən çox ona görə sülhü istəmir ki, Cənubi Qafqazdakı riçaqları əlindən çıxa bilər, nüfuzu da azalar. Əvəzində Amerika “sülh göyərçini” funksiyasını ələ almağa çalışır və sülhün əldə olunmasında maraqlı görünür. Son olaraq, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin verdiyi açıqlama bunu açıq şəkildə göstərdi. O, Ermənistanla Azərbaycanın sülhə çox yaxın olduğunu bəyan etdi. Əvəzində nə oldu? Aleksey Zaytsev dilə gəldi. Onun fikirləri əslində ölkəsinin mövqeyini ifadə edir. Rusiya tərəfindən yüksək vəzifəli şəxslər tərəfindən bu tipli açıqlamaların verilməsi də təsadüfi deyil. Onlar da artıq qəbullanıblar ki, sülh sazişinin bağlanması çox yaxındadır. Sadəcə son kozurlarını işə salıblar. Hazırda sülh danışıqları üç paytaxtda aparılır, Moskva, Vaşinqton və Brüsseldə aparılır. Bu da onu göstərir ki, Qarabağ danışıqlarından hər kəs öz xeyrinə pay götürmək istəyir. Amerikanın əsas niyyəti burada Cənubi Qafqazda nüfuzu sahibi olmaqdır. Çünki, yaxşı bilir ki, Cənubi Qafqazda əsas sahibi olan ölkələrdən biri olmasının yolu sülhün əldə olunmasından keçir. Bunu Rusiya tərəfi də bilməmiş deyil və ən çox da bu səbəbdən sülhə qarşı çıxır”.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan belə açıqlamalara məhəl qoymamalıdır:
“Sülh istiqamətindəki uğurlu addımlarımızı daha da sürətləndirməliyik. Hər deyilənə məhəl qoymamalıyıq. Qardaş Türkiyənin varlığını yanımızda hiss edib çox qısa zamanda sülhə nail olmalıyıq. Dünyada proseslər tez-tez dəyişir. Xüsusilə, Ukrayna savaşı kimi Rusiyanın taleyini müəyyənləşdirəcək müharibə gedir. Bu durumdan yararlanmalıyıq. Hesab edirəm ki, Azərbaycanın uğurlu xarici siyasəti elə diplomatik sülh masasında uğur qazanmaq üzrədir. II Qarabağ savaşında düşmənin başına endirilən Dəmir Yumruq lazım gələrsə, bir daha endiriləcək”.
//Safura Bənnayeva, Editor.az

