Rusiya XİN Paşinyana cavab verdi: Laçın dəhlizi ətrafındakı məsələ…backend

Rusiya XİN Paşinyana cavab verdi: Laçın dəhlizi ətrafındakı məsələ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə iddialarına münasibət bildirib.

Nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb.

“Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub”, – İ.Neçayev söyləyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov N.Paşinyana cavab olaraq bildirmişdi ki, Ermənistandan sülhməramlıların fəaliyyətinə dair konkret təkliflər gəlməyib.

Eyni zamanda, İvan Neçayev Laçın dəhlizi ətrafındakı məsələnin 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalı olduğunu deyib.

“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub”, – o bildirib.

İvan Neçayev Rusiyanın regionda situasiyanı diqqətlə izlədiyin də əlavə edib.

Milli.az