Rusiya kəşfiyyatı qarşısına “Böyük Britaniya və Avropanın küçələrində daimi xaos” yaratmaq vəzifəsi qoyulub.
“BBC News” xəbər verir ki, bunu Britaniyanın MI5 təhlükəsizlik xidmətinin rəhbəri Ken Makkallum Böyük Britaniyanın üzləşdiyi təhlükəsizlik təhdidləri haqqında illik hesabat təqdim edərkən deyib. Onun sözlərinə görə, Rusiya agentləri Britaniyanın Ukraynanı Rusiya ilə müharibəsində dəstəklədikdən sonra yandırma, təxribat və “artan ehtiyatsızlıqla həyata keçirilən daha təhlükəli əməllər” törədiblər.
“Biz indi Avropada böyük quru müharibəsi fonunda bu hadisələrlə, eləcə də dövlət tərəfindən maliyyələşdirilən sui-qəsd və təxribat planları ilə üzləşirik” – o deyib. Mİ5 rəhbərinin sözlərinə görə, Böyük Britaniyanın Ukraynaya nəzərəçarpan dəstəyi o deməkdir ki, bu ölkə “Putin rejiminin qızışmış təxəyyülündə” mühüm rol oynayır və Böyük Britaniyada növbəti təcavüz aktları gözlənilməlidir.
“Politico” xəbər verir ki, “Makkallum” Rusiya və İran kimi dövlətlərə qarşı MI5 araşdırmalarının sayı bir il ərzində təxminən iki dəfə artıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra əksəriyyəti casus olan 750-dən çox rus diplomatı Avropadan qovulub. Bu ilin əvvəlində Britaniya Rusiya hərbi kəşfiyyatının qalan son zabiti olduğuna inandığı adamı da ölkədən qovub.
//Samir Qurbanov, Editor.az

