Ukrayna-Rusiya münasibətlərinin indiki gərgin məqamında daha bir iddia gündəmə öz damğasını vurtub.
Moderator.az xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Rusiyanın “yanvarın sonu və ya fevralın əvvəlində” Ukraynaya hücum edəcəyi iddiası ilə çıxış edib.
“Military Times” qəzetinə müsahibəsində Budanov deyib ki, Rusiya “92 mindən çox əsgərini Ukrayna sərhədləri yaxınlığında cəmləyib və yanvarın sonu və ya fevralın əvvəlində hücuma hazırlaşır”.
Onun sözlərinə görə, “çox güman ki, hava hücumları, artilleriya və zirehli çaşınların hücumları, ardınca şərqdən hava-desant hücumları, Odessa və Mariupulda desant hücumları və qonşu Belarus vasitəsilə daha kiçik hücumlar olacaq”.
Onun sözlərinə görə, Rusiyanın bu ilin əvvəlində keçirdiyi irimiqyaslı “Qərb-21” hərbi təlimlərində ruslar sübut etdi ki, onlar eyni vaxtda 3500-ə qədər desant və xüsusi əməliyyat heyətini havadan yerə endirə bilirlər”.
Budanov “Rusiyanın hazırladığı hücum 2014-cü ildə baş verənlərdən daha dağıdıcı olacaq” deyə əlavə edib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov bir müddət əvvəl “Vaşinqton Post” qəzetinə müsahibəsində “Rusiya prezidenti Vladimir Putinin hücum qərarını verib-vermədiyi bəlli deyil” cavabını verib.
Bununla belə, Budanov hesab edir ki, Rusiya bunun üçün potensialını “Krımda qoşunların və silah sistemlərinin sayını artırmaqla, həmçinin “İskəndər” qısa mənzilli ballistik raket sistemlərini və digər silahları sərhədə yaxın başqa yerlərdə yerləşdirməklə” artırır. O, ilin bu vaxtında sərt hava şəraitinin rusların hücumunu dayandıracağına dair təklifləri ələ salıb.
“Bu, bizim və ruslar üçün problem deyil”- deyə Budanov soyuq havada döyüşlər haqqında bildirib.
Bununla belə, “hər hansı belə hücum Ukraynada sabitliyi pozmaq və onun döyüş qabiliyyətini sarsıtmaq üçün hazırda aparılan bir sıra psixoloji əməliyyatlardan sonra olacaq”, – deyə Budanov bildirib. “Onlar insanların hökumətə qarşı olduğunu göstərən etirazlar və mitinqlər vasitəsilə iğtişaşları qızışdırmaq istəyirlər”,- deyə Budanov fikrini tamamlayıb.

