6 iyulda Ağdam istiqamətində Ermənistanın təxribat atəşi ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir: “6 iyulda, Dağlıq Qarabağın Martuni (Xocavənd – red.) bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı, bu müddətdə Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralandı. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır”
Məsələ ilə bağlı Editor.az-a danışan siyasi şərhçi Asif Nərminalı bildirib ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bu məlumat Moskvadan cavab tələb edilməsi üçün ciddi əsaslar yaradır:

“Rusiya Müdafiə Nazirliyinin iyulun 6-sında baş vermiş təxribat hadisəsi ilə bağlı yaymış olduğu məlumat nə rus sülhməramlılarının misssiyasına, nə də Rusiyanın Azərbaycana qarşı sərgilədiyi mövqeyə uyğun gəlir. Bu açıqlama birbaşa Azərbaycan ərazisinin suverenliyinə qarşı təhdiddir. Bu açıqlamada Dağlıq Qarabağın Martuni bölgəsindən danışılır. Hansı ki, artıq Dağlıq Qarabağ deyilən inzibati ərazi bölgüsü yoxdur. Eyni zamanda ermənilər tərəfindən Martuni deyə adlandırılan ərazi Xocavənd rayonudur. Rusiya MN verdiyi açıqlama ilə bağlı rəsmi şəkildə cavab verməlidir”.
Analitikin sözlərinə görə, Rusiya MN-nin yaydığı açıqlama onu göstərir ki, Prezident İlham Əliyevin iqtisadi rayonların yaradılması ilə bağlı verdiyi fərmanda yer alan məsələlər Rusiyanı ciddi şəkildə narahat edir:
“Fərmanda rus sülhməramlılarının nəzarətində olan ərazilər, Xankəndi, Xocalı və Xocavənd yeni yaradılmış Qarabağ iqtisadi rayonuna daxil edilib. Bu o deməkdir ki, artıq Azərbaycan ermənilərə status verilməsi ilə bağlı mövqeyini ilk dəfə rəsmiləşdirdi. Şuşa bəyannaməsindən sonra Azərbaycanın əli kifayət qədər güclənib. Müharibədən sonra Xankəndi, Xocalı, Xocavəndlə bağlı açıq qalan suallara da Cənab Prezidentin fərmanı ilə cavab tapıldı. Ermənilər həmin ərazilərdə yalnız Azərbaycan vətəndaşlığını qəbul edərək yaşaya biləcəklər. Belə ki fərmanda yer alan bu məsələlər Rusiyanı xeyli narahat edib”.
Asif Nərimanlı qeyd edib ki, Rusiya MN-in açıqlaması həm də onu deməyə əsas verir ki, 6 iyulda Ağdam istiqamətində açılan atəşin arxasında Rusiyanın da marağı ola bilər:
” Ermənistanda parlament seçkiləri başa çatdıqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng etdi. Bu zəngdə üçtərəfli razılaşmanın praktiki icrası müzakirə edildi. Bu o deməkdir ki, artıq bütün bəndlər üzrə praktiki icra məsələsi gündəmdədir. Lakin üçtərəfli bəyannamənin 4cü bəndi hələ də yerinə yetirilmir və erməni separatçıları Qarabağda təxribatlar törətməkdə davam edir. Rusiya üçün isə əsas məsələ öz varlığını Qarabağda qoruyub saxlamaqdır. Görünür ki, Rusiya erməni separatçı rejiminin Qarabağda mövcudluğunu öz maraqlarının təmin edilməsi üçün əsas kartlardan hesab edir. Hesab edirəm ki, artıq Rusiyanın nə istədiyindən asılı olmayaraq, erməni qoşunları Qarabağdan çıxarılacaq. Daha sonra isə Ermənistanla Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi prosesi başa çatacaq”.
Asif Nərimanlının sözlərinə gorə , rus sülhməramlıları bölgəyə gəldikləri gündən öz profillərinə uyğun fəalliyyət göstərmirlər:
“Biz bunun dəfələrlə şahidi olmuşuq. Bundan sonrakı proseslərdə Azərbaycan tərəfi Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi və Qarabağda türk hərbiçilərinin sayının artırılmasına çalışmalıdır”.
//Gülnarə Abasova, Editor.az

