“Rusiya sülhməramlılarının fəaliyyəti həm Bakıda, həm də İrəvanda dəstəklənir. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarına BMT mandatı verməyə ehtiyac yoxdur”.
Bunu RİA Novosti -yə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib.
“Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı Rusiya sülhməramlı kontingenti olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur, çünki birinci üçtərəfli görüşdə (Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı) sülhməramlılarımızın fəaliyyət üsulları artıq aydın şəkildə müəyyən edilib. Bu münasibətlə mübahisənin iştirakçıları arasında konsensus var və bu fakt burada əsasdır”,- deyə rus diplomat bildirib. Açıqlamadan da göründüyü kimi iki paradoks fikir səsləndirilib. Gah Azərbaycanın rus sülhməramlılarının fəaliyyətindən məmnun olduğu iddia edilir, gah da rəsmi Bakının ciddi şəkildə qəbul etmədiyi, irad bildirdiyi “Dağlıq Qarabağ” ifadəsi səsləndirilir.
Sual yaranır ki, sözügedən bəyannamənin şərtlərinə iki tərəf (Rusiya və Ermənistan) düzgün qaydada əməl etmədiyi halda nəyə görə “dalana dirənəndə” 9 noyabr bəyannaməsindən sitat gətirirlər?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Rusiya sülhməramlılarının funksiyalarını yerinə yetirib-yetirməməsi istiqamətində Azərbaycanın çox böyük iradları var:
“Beynəlxalq səviyyədə BMT mandatının verilməsi üzərinə məsələni gündəmə gətirən Rusiya deyil. Bu, Ermənistanın müttəfiqləri xüsusən də Fransanın regiona yeni oyunçu kimi daxil olması səbəbindən qaynaqlanır. Bizim yanaşmamız ondan ibarətdir ki, Rusiya sülhməramlılarının bölgədə müəyyən mövcudluq müddəti var və 2025-ci ildə biz sülhməramlıların funksiyalarını idarə edəcəyik. Çünki üç
tərəfli bəyanatda beynəlxalq öhdəliklə bağlı imzamız var. Digər məsələ isə rus sülhməramlılarına qarşı Laçın dəhlizinin məqsədinə uyğun olmayan istifadə, xüsusən də Ermənistan qeyri-qanuni birləşmələrinin silahlandırılması, minaların daşınması, üçüncü ölkənin terroristlərinin bölgəyə gediş-gəlişinin təmin edilməsi ilə bağlı ciddi iradlarımız var idi. Eyni zamanda, aksiyalarla da məsələni neytrallaşdırmış oluruq”.
//Safura Bənnayeva, Editor.az