“İsraili hazırda narahat edən iki böyük məsələ var. Bunlardan birincisi, İranın fərqli ölkələrdə İsrail diplomatik nümayəndəlikləri, ofislərinə qarşı terror aktlarının planlaşdırmasıdır”.
Bunu Editor.az-a politoloq Turab Rzayev MOSSAD-ın rəhbəri Devid Barninin İranın Rusiyaya PUA-lara əlavə olaraq yaxın və uzaqmənzilli raketlər vermək niyyətində olduğu və bunun müqabilində isə Rusiyanın İrana İsrailin varlığını təhlükə altına sala biləcək silahlar ötürə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O, sözügedən məsələnin İsraili çox narahat etdiyinə diqqət çəkib:
” Bu təxribatlarda rol oynayan, təşkilatına göstəriş verən şəxslərin cəzalandırılmasına başlanacaq. Hətta İranın daxilində belə bu proses davam etdiriləcək və həmin şəxslər həbs olunacaq. İsrail üçün ikinci narahatedici məqam isə İran ilə Rusiya arasındakı hərbi əməkdaşlıqdır. Rəsmi Moskvanın hazırda müəyyən silahlara ehtiyacı var. Ona görə də İran Rusiyaya “Şahed” PUA-ları, uzaqmənzilli və yaxınmənzilli raketlər, eləcə də digər texnikaları göndərir. Bunun qarşılığında isə İran da Rusiyadan müəyyən silahlar tələb edir. Xüsusilə də ballistik raket, peyk və nüvə texnologiyaları bura daxil edilə bilər. Məlum olduğu kimi rəsmi Tehranın əsas hədəfi İsrail və ABŞ-ın yaxın şərqdəki bazalarıdır”.
Politoloqun fikrincə, İsrail İranın bu kimi addımlarının qarşısını iki şəkildə almağa çalışacaq:
“Əvvəlcə ABŞ və Böyük Britaniyanın İsrailə dəstək verməsinə cəhd edəcək. Bununla da İrana qarşı əməliyyat həyata keçirməyi planlaşdırır. Həmin əməliyyata isə rəsmi Tehranın parçalanması, nüvə arsenalının yox edilməsi daxildir. İkincisi, İsrail İran üzərindəki embarqoların götürülməməsini istəyir. Çünki BMT-nin İran üzərindəki sanksiyaları bitib. Lakin İran da sanksiyalara bağlı hər hansı uzatma olmaması üçün uranın zənginləşdirilməsini 80%-dən 60%-ə qədər aşağı saldığını bildirdi. Amma ABŞ bunun kifayət etmədiyini və İranın əvəzində nüvə başlıqları daşıya biləcək uzaqmənzilli raketlərlə bağlı proqramını davam etdirdiyini vurğuladı. İndi İsrail də bu təhlükələri irəli sürərək İrana qarşı sanksiyaların götürülməməsinə çalışır”.
//Safura Bənnayeva, Editor.az