Rusiya yenidən Cənubi Qafqaza qayıdır: Vaşinqton sülhü Kreml üçün nə deməkdir?backend

Rusiya yenidən Cənubi Qafqaza qayıdır: Vaşinqton sülhü Kreml üçün nə deməkdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında sülh prosesində son aylar ciddi irəliləyiş müşahidə olunur. Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş nəticəsində paraflanan sülh müqaviləsi prosesin növbəti mərhələsinə keçdiyini göstərir. Lakin Rusiya, uzun illər regionda vasitəçilik rolunu öz üzərinə götürdüyü üçün, bu prosesdə yenidən aktiv mövqe nümayiş etdirir. Kremlin hərəkətləri regiondakı geosiyasi balansın necə dəyişdiyini və Moskvanın strateji maraqlarını qorumağa çalışdığını açıq şəkildə göstərir.

Politoloq Əlimusa İbrahimov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hələ tam imzalanmadığından Rusiya yenidən öz vasitəçiliyini gündəmə gətirib:

“Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin Rusiyanın əvvəlki təklifinin qüvvədə qaldığı barədə yeni bəyanatla çıxış edib. Qaluzinin açıqlaması əvvəlki illərdə Rusiya rəhbərlərinin verdiyi bəyanatlardan fərqli olaraq daha yumşaq tonda səslənir. Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda üçtərəfli görüş keçirərək sülh müqaviləsini paraflayıblar. Paraflanma ilə imzalanma arasında çox qısa zaman fərqi qalır və ekspertlər sənədin yaxın gələcəkdə imzalanacağına əminlik bildirirlər. Sənədin imzalanma mərasiminin də ABŞ-də keçirilməsi ehtimalı yüksəkdir, çünki Tramp üçün Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması prioritetdir”.

Politoloq qeyd edib ki, Rusiya bu məsələyə yenidən qayıtmaqla strateji maraqlarını qorumağa çalışır.

“Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma prosesindən kənarda qalmaq istəməzdi. Vasitəçilik Kremlə hər iki ölkəni nəzarət dairəsində saxlamaq üçün əlavə imkanlar verə bilərdi. Lakin razılaşmanın Moskvada deyil, Vaşinqtonda imzalanması Rusiyanın bu imkanlardan məhrum olması deməkdir. Buna baxmayaraq, bu, Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəni dayandıracağı anlamına gəlməməlidir. Qaluzinin açıqlaması göstərir ki, Kremlin regiondakı maraqları üçün mübarizə davam edir”, — deyə Əlimusa İbrahimov əlavə edib.

//Gülnarə Abasova, Editor.az