Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 9 il 6 ay müddətinə ciddi rejimli koloniyaya salınıb.
Bu barədə Krasnodar diyarı məhkəmələrinin birgə mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.
Xatırladaq ki, Buqayev Moskva “Torpedo”su və “Lokomotiv”, “Tom” və “Krasnodar” komandalarında çıxış edib. Rusiya Superkubokunun qalibi (2005) və ölkə çempionatının bürünc mükafatçısıdır (2005). O, Rusiya millisində yeddi oyun keçirib və karyerasını 29 yaşında bitirib.
SHOT yazıb ki, Buqaev futbolçu karyerasını bitirdikdən sonra maliyyə problemləri yaşamağa başlayıb. Sərxoşluğa qurşanıb və vergi verməyib. Bu səbəbdən çoxlu borca düşüb. Onları ört-basdır etmək üçün keçmiş futbolçu narkotik satmaq qərarına gəlib.
//Samir Qurbanov, Editor.az