Moskvaya dost hərbi xuntalar tərəfindən idarə olunan Qərbi Afrika dövlətləri – Mali, Niger və Burkina Faso qonşuları ilə kəskin siyasi münaqişə və islam üsyançılarına qarşı davam edən müharibə fonunda hərbi ittifaq imzalayıb.
Editor.az bildirir ki, bu barədə Mali xuntasının lideri Asimi Qoita Twitter-də məlumat verib. Onun sözlərinə görə, bu razılaşma ilə qurulan Sahel Dövlətləri Alyansı (Saxaranın cənubundakı iqlim bölgəsi) “kollektiv müdafiə və qarşılıqlı yardım arxitekturası” yaratmağı hədəfləyir. “Reuters”in məlumatına görə, saziş imzalayanların daxili qiyam və ya xarici təcavüz halında bir-birinin köməyinə gəlməyi öhdəsinə götürür.
Onlar silahlı qüvvədən istifadə də daxil olmaqla fərdi və ya kollektiv şəkildə bir-birlərinə kömək etməyi planlaşdırırlar. Sözügedən ölkələrin “Əl-Qaidə” və “İslam Dövləti” (işid) ilə əlaqəLİ islamçı üsyançılarla davamlı problemi var. Bundan əlavə, hər üç ölkə qanuni hökuməti devirmiş hərbi xuntalarla bu yaxınlarda hakimiyyətə gəldiyi üçün onların qalan qonşuları və Qərb dünyası ilə də münasibətləri çox zəifdir.
Maraqlıdır ki, Mali, Niger və Burkina Faso, buna qədər Çad və Mavritaniyanın da daxil olduğu “G5 Sahel hərbi alyansı”nın bir hissəsi idiLƏR. Təşkilat 2017-ci ildə Fransanın dəstəyi ilə bölgədəki islamçı qruplarla mübarizə aparmaq üçün yaradılmışdı. Amma iki il əvvəl Malidə baş verən hərbi çevrilişdən sonra təşkilat faktiki olaraq fəaliyyətini dayandırmışdı.
//Samir Qurbanov, Editor.az

