Rusiya qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə praktiki təlimlərin daxil olduğu təlimin ikinci mərhələsinin başlandığını elan edib.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
“Rusiya prezidentinin qərarına əsasən, qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb”. Məlumat verilib ki, təlim zamanı Rusiya Federasiyası və Belarus Respublikası silahlı qüvvələrinin bölmələrinin müharibə zamanı qeyri-strateji nüvə silahlarından istifadəyə öyrədilməsi də daxil olmaqla, məsələlərə toxunulacaq. Bildirilib ki, manevrlər iki ölkənin qeyri-strateji nüvə silahı bölmələrinin şəxsi heyətinin və hərbi texnikasının döyüş hazırlığını, İttifaq dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək məqsədi daşıyıb.
Nazirliyin açıqlamasında bildirilir ki, təlimin birinci mərhələsində Cənub Hərbi Dairəsinin raket bölmələri “İsgəndər” sistemləri üçün xüsusi döyüş sursatlarının qəbulu, raketlərin bu sursatlarla təchiz edilməsi və gizli şəkildə hərbi hissəyə keçmək tapşırığını yerinə yetirib. Bildirilib ki, döyüş təyyarələrinin ekipajları həmçinin təyyarə raketlərinin, o cümlədən “Kinjal” hipersəs raketlərinin xüsusi döyüş sursatları ilə təchiz edilməsi və patrul bölgələrinə hərəkət edilməsi üzrə təcrübə keçib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun 2024-cü il mayın 21-də başlatdığı nüvə təliminin planlı bir fəaliyyət olduğunu və bunda qeyri-adi heç nə olmadığını vurğulamışdı.
//Gülnarə Abasova, Editor.az